COVID-19 ştamı haqda müxtəlif versiyalar, fikirlər səslənir. Bioloji silahdan tutmuş, təkamülə qədər hər cür əqli və əqildən uzaq, sadəcə hissiyyata, emosiyaya söykənən, qeybət üslublu fikirləri də dinləmək xoşbəxtliyi nəsibimiz oldu.Baku.ws xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla fikirlərini bölüşüb.
Postsovet münasibətlər sistemində adət etdiyimiz, alışdığımız bir meyar var – meyarsızlıq. Nə qədər əlimizi yelləyib keçsək də, yeni davranış qaydaları, insani münasibətlərin baza prinsiplərinin alterasiyası beynimizdə qabığaltı olaraq bizim psixikamızı təhdid edir. Təzadlar, deviasiyalar, süni alqışlar, kuluar qeybətlər dövrünü yaşayırıq. Həyat fəaliyyətini instinktləri üzərində quran, nə yolla olursa olsun pul qazanmaq, varlanmaq, qarın otarmaq, görməmişlik etmək, var-dövlətini hər fürsətdə nümayiş etdirib öyünmək, bununla da öz aləmində üstünlüyünü başqalarına göstərməyə çalışmaq son dövrlərin adət etdiyimiz primal davranış üslubuna çevrilib.
Siz bir vətəndaşın digərinə, bir məmurun vətəndaşa çəmkinərək “sən kimsən, səni yox edərəm, başına oyun açaram” və sair kimi davranış nümunələrini hansısa bir mədəni ölkədə görə bilərsinizmi? Əslində bu ifadələrin qarşılığı odur ki, qanun ayaqlar altındadır, o bir qrup seçilmişlərə aid deyil. Siz insanın utanc duymaqdansa, oğurluq pulları ilə öyünməsi kimi bir iyrənc mənzərəni harada seyr edə bilərsiniz? Çünki bizim əxlaq anlayışlarımız saxta, ən yaxşı halda yanlışdır. Saxtakarlıq bizim insan cildində bir heykəlimizdir! Görünür, mədəni inkişaf üçün təfəkkür tərzimiz kökündən dəyişməlidir...
Bəzi kalsinatlaşmış düşüncə sahibləri niyə virusoloqların və infeksionistlərin əvəzinə cərrahların danışmasına irad tutmağa da başladılar. Həmin adamlara bəyan etmək istəyirəm. Sizlər icazə gözləyəndə, danışmağa qorxanda, qorxaq gözləriniz dirijor çubuğunun trayektoriyasını izləyəndə biz millətin və dövlətin mənafeyi naminə mövqeyimizi ortaya qoya bilirik. Burada əsla bilikdən söhbət getmir. Söhbət fədakarlıqdan və vətəndaş mövqeyindən gedir. Aramızdakı prinsipial fərq də bundadır. Danışın, kimdir sizin ağzınızı qapayan? Təşəbbüskar olun, onsuz da TV-lər, media alternativ fikir axtarışındadırlar. Nə isə...
Əziz dostlar, karantin rejimi uzun müddət davam edə bilməz. Biz sosial həyatın ayrı-ayrı sahələrini dondura bilmərik. İnsanlar işləməlidir, yaşamalıdır, özlərini reallaşdırmalıdır. Ona görə də karantin rejimi tədricən yumşaldılma istiqamətində davam edir. Amma karantin davranışları sərt olmalıdır. Hava-damcı yolu ilə infeksiyaların yayılmasının əsas yolu kütləvi miqrasiya, sosial sıxlıq, təmaslar və antisanitariyadır. Qorunma yolu isə sosial izolyasiya və sanitar qaydaların gözlənilməsidir. Ya da biz gözləməliyik ki, infeksiya hər il koronavirusun əvvəlki ştamlarında olduğu kimi özbaşına tüğyan etsin, ölən ölsün, sağalan sağalsın, kollektiv immunitet yaransın, artıq özünə yaşamağa müdafiəsiz canlı insan hüceyrəsi tapmayan virus tədricən sıradan çıxsın. İndiki halda bu, böyük tələfatla müşayiət oluna bilər!
Razılaşarsınız ki, ən optimal yol bu gün dünyanın getdiyi yoldur. Ona görə də biz sosial məsafəni gözləmək, maskada gəzmək, sanitar qaydaları gözləmək kimi tədbirləri Dünya Səhiyyə Təşkilatı (DST) virusun dünyada yoxa çıxması haqda raport verənə qədər davam etdirməliyik. İkinci dalğanın olmasına yol vermək olmaz. Bu, bizə ağır başa gələ bilər! Hər il dünyada respirator virus infeksiyalarından minlərlə insan dünyasını dəyişir. Builki COVID-19 sürprizi isə hər il yeni formada bizi fakt qarşısında qoya bilər. İnsanların sayı həndəsi silsilə ilə artır, buna bağlı problemlər (qidalanma, yaşam yerləri, sosial sıxlıq) də artmaqda davam edir. Ona görə də bu davranışa öyrəşməliyik.
Təklif edirəm ki, ağız və burnu örtən, ağız-burun aerozolunun havaya atılmasının qarşısını alan yeni bir şarf forması təklif edilsin, icad edilsin. Əslində bütün geyim formaları tələbatdan doğulub, icad olunub. Həmin şarf elə hazırlanmalıdır ki, onun ağız-burnu örtən hissəsinin iç tərəfində xüsusi cibi olsun. Oraya nanotexnologiyanın köməyi ilə hazırlanmış xüsusi filtrlər qoyula bilər. Hər halda modifiasiyalarınızı bildirə bilərsiniz. Yəqin ki, belə bir şarf və ya geyim forması icad olunmasına ehtiyac duyulacaq. DST gələcəkdə respirator virus infeksiyalarından qorunmaq üçün tərtib etdiyi alqotirmə bu formanı da sala bilər..
Çap