Menu
29 apr 23:30XƏBƏR LENTİ / Siyasət

ABŞ-dan təhlükəli mesaj - “İranı vurmaq üçün bir addım qaldı”

Amerikanın məşhur siyasətçisi Henri Kissincerin qorxunc açıqlaması; doğrudanmı üçüncü dünya savaşı “qapının ağzında”dır?
Koronavirus bəzi tanınmış və dünyaçaplı siyasətçilərin də dediyi kimi, üçüncü dünya müharibəsini önləyib. Ancaq təhlükənin tam sovuşduğunu iddia etmək mümkün deyil.  
Hazırda ABŞ və Çin hərbi gəmiləri Cənubi Çin dənizində üz-üzə gəldiyi haqda xəbərlər yayılıb. Məlumata görə, ABŞ donanmasına aid “USS Barri” hərbi gəmisi ilk dəfə mübahisəli ərazi olan Parasel adalarının yaxınlığından Çin sularına daxil olub. ABŞ donanması sözügedən əraziyə ilk dəfədir qanunsuz girib. Çin ordusunun Cənubi Desantları komandiri Li Huamin ABŞ-ın təxribatçı addımlarının beynəlxalq hüquq normalarını ciddi şəkildə pozduğunu deyib, bildirib ki, ABŞ Çinin suverenliyini və təhlükəsizlik maraqlarını ciddi şəkildə pozur, eyni zamanda regional təhlükəsizlik risklərini bilərəkdən artırır. Bundan əvvəl Çin ABŞ gəmilərinə qarşı lazer silahından istifadə edə biləcəyi ilə hədələmişdi. ABŞ-ın Çinə qarşı koronavirus iddiaları qaldırmasının davamı olaraq yaşanan gərginlik sıradan bir məsələ deyil. 
Amma digər informasiyalardan belə qənaətə gəlmək də olur ki, Çinlə yaşanan gərginlik “aysberqin görünən tərəfidir”, yəni masa üzərində İrana qarşı əməliyyat planı var. Qeyd edək ki, hələ pandemiyanın İran ərazisində yayılması və böyük itkilərə səbəb olması şəraitində belə, ABŞ 2020-ci ildə də bu ölkəyə qarşı sanksiyaların icrasını davam etdirəcəyini açıq şəkildə bəyan etmişdi. ABŞ prezidenti Donald Trampın İran xalqına yardım təklifinə isə Tehrandan sərt şəkildə rədd cavabı verildi. Eyni zamanda ABŞ ordusunun Fars körfəzində mövcudluğunu İran özünün təhlükəsizliyinə təhdid sayır. Fars körfəzində İran-ABŞ gəmiləri arasında baş verən son gərginliklər də böyük savaş təhlükəsinin an məsələsi olduğu qənaətini yaradır.
Bild: "Kissincer Vaşinqtonla Moskva arasında vasitəçi olacaq"
Bütün bunların fonunda ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin adından yayılan məlumat diqqəti cəlb etdi. Düzdür, bəzi qaynaqlar məlumatın saxta olduğu qənaətindədir. Amma bu da bir reallıqdır ki, Kissincerin adından yayılan məlum fikirlər əslində ABŞ-ın son illər Yaxın Şərqdə həyata keçirdiyi siyasətin tam əksidir. Amerika zatən onillərdir İranı və Rusiyanı bitirmək, dağıtmaq istəyir. Bu mənada ABŞ-ın yəhudi əsilli 56-cı xarici işlər naziri H.Kisincerin açıqlaması gündəmdə bomba effekti yaradıb. Dünya miqyaslı siyasətçi ABŞ-ın “Daily Scape” qəzetində dərc olunan açıqlamasında “Üçüncü dünya savaşı gəlir və İran İsrailin mümkün olduğu qədər çox ərəb öldürməsi və Orta Şərqin yarısını işğal etməsini zəruri edən savaşda başlanğıc nöqtəsi olacaq”, deyib. 
Məlumata görə, yəhudi əsilli Almaniya doğumlu H.Kissincer açıqlamasında daha sonra deyib ki, ABŞ üçün neft önəmli olduğu üçün ölkəsi 7 ölkəni işğal etmək məcburiyyətindədir. “İranı vurmaq üçün sadəcə bir addım qaldı” - deyən Kissincer hədəfdə İranın olduğunu anons edib. Həmçinin qeyd edib ki, İsrail Orta Şərqin yarısına nəzarət edəcək. 
“Çin və Rusiya yuxularından ayılmağa başladıqda, dünya savaşı partlayacaq. Sadəcə, iki supergüc - İsrail və Amerika zəfər qazanacaq” - o, qorxunc açıqlamasında əlavə edib. Bu tezislərdən belə anlaşılır ki, üçüncü dünya savaşı “qapının ağzında”dır.
Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük - AZƏRTAC – Azərbaycan ...
Politoloq Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, insanlar yaşlaşdıqca hadisələri mövcud reallıqlardan deyil, xatirələri üzərindən dəyərləndirməyə başlayırlar: “Henri Kissincerin 97-yə yaxın yaşının olduğunu nəzərə alsaq, yaddaşının xatirələrlə zəngin olduğunu anlaya bilərik. Kissincerin hansı 7 ölkədən söz açdığını bilmərəm. Liviyada, Yəməndə, Suriyada vətəndaş müharibəsi başa çatmayıb. Bu ölkələrdən yalnız Suriyada ABŞ-ın hərbi iştirakı var. İraqdakı vəziyyətə də ABŞ-ın tamamilə nəzarət etdiyini deyə bilmərik. Qərbin inqilab ssenariləri Misirdə iflasa uğrayıb, Tunisdə isə nəzarət bu ölkənin siyasi hakimiyyətindədir. Yeddinci ölkəni isə xəritədə axtardım, amma tapa bilmədim. Ola bilsin ki, Henri Kissincer ABŞ-ın Orta Şərqdəki müttəfiqlərini nəzərdə tutur. Amma bu halda say 7-dən çox edir”. İranın işğalı məsələsində gəldikdə isə E.Mirzəbəyli bunu da real hesab etmədiyini vurğuladı: “Digər tərəfdən, dünyadakı reallıqlar dəyişib və konkret bir dövlətin bu və ya digər ssenarisinin maneəsiz həyata keçirilməsi üçün zəmin yoxdur. Proses çoxqütblü dünyanın formalaşmasına doğru gedir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da məsələnin ciddiliyinə bir o qədər inanmır: “Henri Kissincer dahi şəxsdir. O, Amerika üçün böyük işlər görüb. Vaxtilə kommunist Çinlə dostluq münasibətlərinin qurulması ideyası da Kissincerə məxsusdur. O, 1970-ci illərin əvvəllərində Amerika prezidentini inandırdı ki, iki kommunist dövlət olan SSRİ ilə Çin arasında gərginlik var, digər tərəfdən, Vaşinqton bu iki dövlətin hər biri ilə düşmənçilik etməməlidir. Kissincerin təklifinə görə, Amerika onlardan biri ilə dostluq etməklə həm düşmənləri arasındakı nifaqı gücləndirər, həm də taktiki tərəfdaş qazanar. Vaşinqton Çini seçdi və bu siyasət Amerikaya o illər üçün həm siyasi, həm də iqtisadi divident gətirdi”. 
Elxan Şahinoğlu: "Tramp münasibətlərin yumşalmasını istəyir"
Buna baxmayaraq, E.Şahinoğlu qeyd etdi ki, Kissincerin yeni fikirləri müəyyən suallar doğurur: “Mən düşünmürəm ki, onun dediyi kimi, İranın işğalı üçün bir addım qalıb. Bəli, İranda iqtisadi və sosial vəziyyət ağırdır, sanksiyalar bu ölkəni taqətdən salıb, üstəgəl, koronavirus Tehran üçün yeni problemlər yaradıb. Buna baxmayaraq, Tehran Amerikanın təzyiqlərinə asanlıqla təslim olmayacaq. İranın Amerika və İsrail qarşısında məğlubiyyətini arzulamayan Rusiya və Çin var. Onlar hər vasitə ilə İranın ayaqda qalmasına çalışacaqlar. Bundan başqa, bölgənin əsas dövlətlərindən biri olan Türkiyə də İranın Amerika və İsrail qarşısında məğlub duruma düşməsini istəmir”. Politoloq digər bir məqamı da vurğuladı: “Əlbəttə, Kissincerin Yaxın Şərqdə durumun qarışıq olması fikri ilə razılaşmamaq olmur. Müharibələr, daxili çəkişmələr Yaxın Şərqi taqətdən salıb. Ancaq Kissincerin dediyi kimi, İsrailin bu qarışıqlıqdan qalib ayrılacağı problematikdir. Bəzi ərəb ölkələri İranı zəfilətməyə çalışsalar da, onlar İsrailin İranın məğlubiyyəti üzərində qələbə çalmasını da istəməz və buna mane olarlar. İsrailin Yaxın Şərqdə əsas gücə çevrilməsi Türkiyənin də maraqlarına cavab vermir. Kissincerin məntiqinə görə İsrailin qarşısında heç bir dövlət duruş gətirməməlidir. Bu o deməkdirmi ki, İsraili qalib etmək üçün Vaşinqton Türkiyəni də məğlub etməyə həvəslidir? Bu, başından hündürə tullanmağa
bənzəyər”.(musavat.com)
Çap
Komment Əlavə et