İlk əlamətləri soyuqdəymə və qripə bənzəyən, lakin daha ağır gedişatı ilə fərqlənən, əksər hallarda ölümlə nəticələnən koronavirus təhlükəsi yayılmaqdadır. İlk dəfə Çində yaranan bu xəstəlik artıq digər ölkələrdə də qeydə alınır. Bu xəstəliyin epidemiya halını ala bilməsi ictimaiyyəti narahat edir. ABŞ, Cənubi Koreya, Tayland, Avstraliya və başqa 14 ölkə bu virusla üzləşmənin dəhşəti içindədir.Musavat.com beynəlxalq informasiya agentliklərinə istinadla xəbər verir ki, yeni koronavirusdan ölənlərin sayı 81 nəfərə çatıb, yoluxanların sayı isə 2700-ü keçib. Virusa yoluxanlardan 461-nin vəziyyəti ağırdır. 5794 nəfərin bu xəstəliyə yoluxması şübhəsi var. 30 mindən artıq insan isə infeksiyaya yoluxan xəstələrlə təmasda olduğu üçün müşahidə altına alınıb.
Koronavirusun əlamətləriKoronavirus qrupuna aid viruslar yüngül soyuqdəymədən ölümcül xəstəliklərə qədər müşahidə olunan simptomlara səbəb ola bilər. Bu xəstəliyin əlamətləri soyuqdəyməyə xas simptomlardan daha şiddətli olur.
Çində bu xəstəliyə yoluxanlardan birində öncə bir neçə gün davam edən ishal müşahidə olunurdu. Xəstəliyin sonrakı gedişatında öskürəklə müşaiyət olunan qızdırma özünü göstərdi.
Bu əlamətlərlə yanaşı, həzm sistemində problemlər, baş ağrısı, ürəkbulanma, əzginlik, təngnəfəslik də koronavirusdan xəbər verə bilər.
İnfeksion xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Vasif Əliyev bildirib ki, xəstəliyin inkubasiya dövrü 2-14 gün ərzində olur: “Yəni, virusa yoluxduqdan sonra şikayətlərin başlaması 2 gündən 2 həftəyə qədər davam edir. Xəstəlik daha çox yüksək hərarət (38-39 dərəcə), öskürək, tənəffüs yollarında problem və burun axıntısı ilə müşahidə oluna bilər. Ağırlaşma dərəcəsi insana görə dəyişir. Sağlam insanlarda, cavanlarda bu xəstəlik daha yüngül formada keçir. 65 yaşdan yuxarı, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, xroniki ürək xəstəliyi olan insanlarda, onkoloji, revmatoloji xəstəlik səbəbindən dərman istifadə edənlərdə xəstəlik daha ağır keçə bilir”.
V.Əliyev qeyd edib ki, virusun yayılmasının qarşısını almaq üçün xəstəliklə bağlı şikayətləri, yüksək temperaturu olan insanlardan uzaq durmaq lazımdır: “Davamlı olaraq əl yuyulmalı, qalın geyinilməlidir. Canlı və ölü heyvanlarla təmasdan qaçmaq lazımdır. Çünki bu xəstəlik heyvanlardan keçir. Koronavirus Çində dəniz məhsulları satılan bir marketdə olan insanlarda aşkarlanıb. Daha sonradan bilindi ki, yalnız heyvanlarla yox, insanla təmasdan da bu xəstəlik keçə bilir. Orada yoluxan insanların ailə üzvlərində də koronavirus aşkarlandı”. (apa)
Koronavirus ilə yoluxmuş titrətmə anları Çin xəstəxanasında lentə alınıb. Görüntüləri “Daily Mirror” nəşri yayımlayıb. Kadrlardan kişinin xəstəxana çarpayısında necə titrədiyi, yanında dayanan maska taxmış qadının onun başını tutduğu görünür.
Qeyd edilir ki, virusun yayılmağa başladığı Uhanda xəstəxanalar dolub və insanlar kömək gözləməyə məcburdurlar.
Koronavirus harada yaranıb?Yeni virusların ortaya çıxması mütəmadi prosesdir. Bu xəstəliyə ilk olaraq Çinin 11 milyonluq Uhan şəhərində keçən il rast gəlinib. Koronavirus hadisələri Uhandakı Cənubi Çin Dəniz Topdan Satış Bazarı ilə əlaqələndirilir.
Bəzi dəniz məməliləri (Ağ balina kimi) koronavirus daşıyıcısı ola bilər. Lakin böyük bir ehtimalla virusun daşıyıcısı bazarda satılan toyuq, yarasa, dovşan və ya ilan kimi vəhşi canlılardan biri olub.
Hesab olunur ki, virusun yayılması üçün Çində daha əlverişli şərait mövcuddur: buraya əhalinin sayı, sıxlığı və virusları daşıyan heyvanlarla insanların sıx təmasını aid etmək olar.
Azərbaycanda koronavirusa yoluxma riski varAzərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, Çindən Azərbaycana gələnlər mütləq hava limanında koronavirusla bağlı yoxlamadan keçirilməlidirlər: “Çinə gedən Azərbaycan vətəndaşları da ehtiyatlı olmalı, özlərini qorumalıdırlar. Azərbaycanda koronavirusa yoluxma riski var. Çünki Azərbaycanla Çin arasında sıx gediş-gəliş mövcuddur. Çindən ölkəmizə gələnləri mütləq yoxlamaq lazımdır” ("Report").
Azərbaycanın baş infeksionisti Cəlal İsayevKoronavirusa qarşı peyvənd mövcuddurmu?Cəlal İsayevin sözlərinə görə, koronavirusların növü çoxdur: “Onun birinə qarşı peyvənd edib immunitet yaranırsa, o birisindən qorumur. Həmin immunitet də davamlı olmur. Sadəcə infeksiyanın yayılmasını müvəqqəti qoruya bilir. Lakin hazırkı yayılan 2019 koronavirusuna qarşı hələlik peyvənd işlənilib hazırlanmayıb”.
C.İsayev qeyd edib ki, virusun yayılması prosesi yeni olduğundan bəzi məsələlər hələ də müammalıdır: “Səbəb tam bəlli olduqdan sonra bəlkə də peyvənd hazırlana bilər. Ümid edirəm ki, virusun əhatə dairəsi tezliklə lokallaşdırılacaq”.
O, bildirib ki, insan ölümü varsa, təbii ki, həyəcan siqnalı çalınmalıdır: “Azərbaycan dövləti və vətəndaşları da öz təhlükəsizliyini qorumalıdır. Əgər vətəndaşlarımız həmin bölgəyə getməsə və insanlarla təmasda olmasa, virusun ölkəyə keçməsi halı qeydə alınmaz.
Əsas odur ki, Çindən gələn insanlar yerindəcə yoxlanılsın”.
Baş infeksionist deyib ki, virusdan ölüm faizi 2,8-3 faizdir: “Buna səbəb Çinin əhalisi çox sıx yerləşdiyindən təmas halının yüksək olmasıdır”.
Onun sözlərinə görə, bu virusdan qorunmaq üçün immuniteti daim yüksək saxlamaq lazımdır. Bunun üçün zərərli vərdişlərdən uzaq durmaq, eyni zamanda, gigiyenik qaydalara əməl etmək vacibdir. Bir sözlə, immun sistemini zəiflədən faktorlardan uzaq durmaq əsas şərtlərdəndir”.
Monqolustan koronavirus səbəbindən Çinlə sərhədi bağlayırMonqolustanın hakimiyyət orqanları Çində koronavirusun yeni növünün yayılması səbəbindən qonşu ölkə ilə sərhədi bağlamağı qərara alıb.Monqolustan hökumətinin bazar günü keçirilmiş təcili iclasının qərarına əsasən, yanvarın 27-dən etibarən Çinlə bütün sərhəd keçidləri həm avtomobillər, həm də piyadalar üçün bağlanır. Eyni zamanda, təhsil müəssisələrinin fəaliyyəti dayandırılır və kütləvi tədbirlər ləğv olunur. Nazirlər Kabineti bütün universitetləri, institutları və peşə təhsili mərkəzlərini, məktəbləri və uşaq bağçalarını martın 2-dək bağlamaq barədə sərəncam verib.
Agentliyin məlumatına görə, ölkədə hələlik koronavirusa yoluxma halı qeydə alınmayıb. Lakin hakimiyyət orqanları onun yayılma riskinin yüksək olaraq qaldığını bildirirlər.
Bakıdan Çinin paytaxtı Pekin şəhərinə birbaşa sərnişin aviareysi üzrə uçuşlar müvəqqəti dayandırılır Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, cədvəl üzrə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Pekin aviareysi üzrə uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə martın əvvəlinədək dayandırılacaq.
"Cədvəl üzrə Bakı-Pekin aviareysi üzrə uçuşlar həftənin III və VII günləri saat 22:50-də yerinə yetirilir. Uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə, cari ilin martın 8-dək dayandırılacaq. Bakı-Pekin aviareysi martın 8-dən etibarən bərpa olunacağı gözlənilir", - deyə aeroportdan bildirilib.
Çin koronavirusla mübarizəyə 9 milyard dollar ayırıbÇin Maliyyə Nazirliyi və Milli Səhiyyə Komissiyası yeni koronavirusun yayılmasının qarşısını almaq üçün 69,33 milyard yuan (8,74 milyard dollar) ayırıb. Bu barədə Çin Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Mütəxəssislər hesab edir ki, koronavirus getdikcə daha təhlükəli şəkil alır və ondan qorunmaq demək olar ki, mümkünsüzdür. Xüsusi maskalar, gigiyenik tədbirlər də bu virusun qarşısını almaq üçün kifayət etməyəcək.
Aynurə Məmmədova
Musavat.com
Çap