Xəbər verdiyimiz kimi, ötən gün Maliyyə Nazirliyi tərəfindən 2020-ci il üçün Azərbaycanın dövlət və icmal büdcəsində neftin 1 barrelinin qiymətinin 55 ABŞ dollar nəzərdə tutulacağını açıqlayıb. Rusiyanın nüfuzlu iqtisadçısı, keçmiş iqtisadi inkişaf naziri German Qref isə ötən gün neftin 40 dollara qədər ucuzlaşacağına dair proqnoz verib. Bu proqnoz reallaşarsa, Azərbaycana hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Sabah”a bildirib ki, neftin qiyməti 40 dollara düşəcəyi təqdirdə, Azərbaycan manatını süni şəkildə sabit saxlamaq mümkün olmayacaq:
“2016-ci ildən başlayaraq, dünyada neftin qiymətində artım trendi mədaxil oldu. Amma bu artım trendi iqtisadi səbəblərə görə deyildi. Yəni, dünya iqtisadiyyatında və neft istehlakında ciddi artım müşahidə olunmurdu ki, qiymət artımı da buna paralel getsin. Neftin qiymətinin artımının iki səbəbi var idi:
Birincisi OPEK və Rusiya öz aralarında süni anlaşmaya gedərək və hasilatı süni şəkildə aşağı salaraq neft qiymətlərinə təsir etməyə başladılar. Bu təbii qiymət tənzimlənməsi, bazara süni müdaxilənin nəticəsi deyildi. İndi isə Tramp ABŞ prezidenti olduqdan sonra geosiyasi gərginliyin artımını da müşahidə etdik. Yəni İran anlaşması pozuldu, İran neft bazarından kənarlaşdırılmağa başladı. Venesuela ətrafında ciddi problemlər yaranmağa başlandı, Liviyada vətəndaş müharibəsi başladı. Bu üç ölkənin birlikdə təqribən gündə 7 milyon barrel hasilatı potensialı olmasına baxmayaraq, indi üçünün bir yerdə hasil etdiyi neftin həcmi 1,5-2 milyon barreldən biraz çoxdur. Bu geosiyasi gərginlik, sanksiyaların olması neft bazarında qiymətlərin yuxarı çəkilməsinə səbəb oldu. Amma mütəxəssis olaraq bilirik ki, əgər neft qiymətlərinin artımında süni səbəblər varsa, onlar aradan qalxsa, iqtisadi tənzimləmə olmasa, neftin qiymətini süni şəkildə yuxarı saxlamaq mümkün deyil".
N.Cəfərli qeyd edib ki, Rusiyanın müxtəlif sahələrində çalışmış, nüfuzlu iqtisadçısı sayılan German Qrefin neftin qiymətinin 40 dollar və ya ondan da aşağı düşməsi ehtimalını səsləndirməsi heç də təsadüfi deyil:
"Dünyada İran, Venesuela və Liviya məsələlərinin həll olunmasına doğru addımların atılması, dünyada neft hasilatının kəskin artması bunu deməyə əsas verir. Bu gün Amerika gündəlik 12,5 milyon neft hasil edir ki, bu Rusiyadan da, Səudiyyə Ərəbistandan da daha çox neft hasili etdiyi mənasını verir. Bu da neft bazarına təsir edir. Əgər bütün bu amilləri nəzərə alsaq, bu ilin sonu-gələn ilin əvvəlində 40 dollara qədər enmələr müşahidə olunsa, Azərbaycan iqtisadiyyatında ciddi problemlərin olması ehtimalı artacaq".
Ekspert bildirib ki, hökumətin gələn ilin büdcəsində neftin qiymətini 5 dollar aşağı salaraq, hesablaması doğru və pozitiv bir qərardır:
"Qiymətin aşağı salınması büdcənin normal tənzimlənməsində mühüm rol oynaya bilər. Amma 55 dollar da riskli bir həddir. Yəni, həqiqətən qiymətlər 40 dollara düşsə, bu zaman Azərbaycan iqtisadiyyatında büdcənin parametrlərinin yerinə yetirilməsində, büdcə xərclərini maliyyələşdirilməsində ciddi problemlər yaşanacaq. Ən böyük problem də Azərbaycan manatı ilə bağlı olacaq. İki ildir ki, Azərbaycan manatı süni şəkildə sabit saxlanılır. Əgər belə bir şey baş versə, manatı süni şəkildə saxlamaq mümkün olmayacaq və bir müddətdən sonra hökumət məcburən növbəti devalvasiya addımlarını getməli olacaq. Bu da manatın dəyərdən düşməsinə, bütün makroiqtisadi göstəricilərə təsir edəcək. Qiymətlər artacaq, inflyasiya yüksələcək. Bütün bunlar Azərbaycanda sosial vəziyyətə mənfi təsir göstərəcək. 40 dollar Azərbaycan üçün çox təhlükəli rəqəmdir”.
Çap