Tehranın rəsmi şəxsləri də, din xadimləri də təkidlə iddia edirlər ki, yəhudi dövlətinin hərbi bazası cənub sərhədinə yerləşib, halbuki İran ordusunun Vətən müharibəsi zamanı Azərbaycanın ərazilərinə soxulması ifşa edilib; AMİP sədri və politoloqdan açıqlamalar...
İran Azərbaycanla əlaqələrin korlanmasını İsraillə əlaqələndirir. Tehranın rəsmi şəxsləri də, din xadimləri də təkidlə iddia edirlər ki, “sionizmin təzahürləri” cənub sərhədlərimizdə müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyev Arazın sahilində açıq şəkildə sual etdi ki, haradadır İsrail, harada görmüsünüz onu?! Amma İran tərəfini bu cavab da qane etmədi, cənub qonşu keçi inadından əl çəkmir ki, İsrail bölgəmizə yerləşib. "Xeberimvar.az" “Yeni Müsavat”-a istinadən bildirir ki, əvvəla, Azərbaycan müstəqil dövlət olaraq müttəfiqini, dost-düşmənini hansısa ölkənin xoşuna gəlməsi üçün seçmir. Hətta Rusiyadan tez-tez giley-güzar edirik, amma Moskva Bakıya heç bu cür təzyiq etmir. Bəs İranın “dostunu, düşmənini mənə görə seç” yanaşmasına qarşı necə davranaq ki, bizdən razı qalsınlar? İran generalları ağ yalan uyduraraq deyirlər ki, İsrailin Azərbaycanda hərbi bazası var. Birincisi, bu həqiqət deyil. İkincisi, olsa belə, bunun İrana hansı formada dəxli var? Azərbaycan dəfələrlə bildirib ki, İrana qarşı başqa dövlətlərin hərbi-siyasi təzyiq və hücumlarında iştirak etməyəcək. Və bu bəyanata neçə illərdir rəsmi Bakı sadiqdir. Bu qədər sadiq, dürüst qonşusundan İran nə istəyir?
Yeri gəlmişkən, İranın Azərbaycana qarşı daha bir təxribatı üzə çıxıb. Bu, Vətən müharibəsi vaxtı baş verib. “Caliber”in məlumatına görə, İran ordusu Vətən müharibəsi zamanı Azərbaycanın suveren ərazilərinə daxil olubmuş. Bunun necə baş verdiyinə gəlincə, Azərbaycan Ordusu Zəngilanı işğaldan azad etməyə doğru hərəkət edən vaxt bu istiqamətdə İran hərbi bölmələri ilə qarşılaşıb. Müəyyən olunub ki, cənub qonşumuz Azərbaycanın ərazi bütövlüyünə məhəl qoymadan ölkəmizin suveren ərazisinə kobud şəkildə daxil olub. Məlumata görə, kiçikçaplı silahlarla özlərini qoruyan və bir neçə pikap sürən İran hərbçiləri əvvəlcədən Azərbaycan hərbçilərinin yoluna beton sədlər qoyaraq, onların qarşısını kəsiblər. İranlıların izahı belə olub ki, guya beton səddi qoruyurlar. Bütün bunlar Azərbaycanın suveren ərazisində baş verib!
Bu zaman Azərbaycan və İran komandirləri arasında yerdəki danışıqlar nəticəsiz başa çatıb və vəziyyət qızışıb. O səbəbdən ordumuzun Zəngilana istiqamətlənməsi bir neçə gün gecikib, hərbçilərimiz İran qüvvələri ilə toqquşmamaq üçün 14 km geri, Soltanlı kəndinə qayıdıb və daha 20 km əlavə məsafə qət etdikdən sonra təyin olunan məntəqəyə çatıb. Aparılan gərgin danışıqlardan sonra İran hərbçiləri Azərbaycan ərazisini tərk edib. Baxın, budur Tehranın bizə yamanlığı...Və indi İsrail iddiasından vaz keçmirlər. Dövlət Sərhəd Xidməti də rəsmi olaraq bildirir ki, Azərbaycanın dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq. Qeyd edilib ki, Azərbaycan ərazisində xaricdən gəlmiş təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir. Bir sözlə, bütün rəsmi səviyyələrdə Tehranın nəzərinə çatdırıldı ki, ərazilərimizdə İsrail yoxdur, xoflanmasınlar. Bəs bundan sonra necə olacaq?Qabil HüseynliProfessor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, İran suyu bulandırır və bulanıq suda balıq tutmaq istəyir: “Onun daxili və xarici siyasəti yalançı ideologiya üzərində qurulub. İran öz konstitutsiyasına İslam inqilabının ixracını daxil edib və bununla öz strategiyasını ortaya qoyub. İran Azərbaycanda ”Hüseynçilər" adı altında təşkilat quraraq möhkəmlənməyə çalışırdı. Biz ondan xəbər tutduq, hüquq-mühafizə orqanları tədbir gördülər. Onların dünyəvi dövlətin xarakterini dəyişib islami dövlət qurmaq hədəfləri var idi. Həmçinin Azərbaycanda İslam Partiyasına yardım göstərirlər, Məhərrəmlik vaxtı mollaları Azərbaycanda təbliğat aparır. Yəni sionizm deyən və İsrail bazalarının olduğunu iddia edən dövlət yaxın qonşuluq əlaqələrinin heç bir prinsipinə əməl etmir. Prezident dedi ki, burada dayanmışam, ətrafımda ermənilərin daşı-daş üstə qoymadığı dağıntılardan başqa heç nə görmürəm".
Q.Hüseynli qeyd etdi ki, Azərbaycan ərazisindən heç bir üçüncü dövlətə, xüsusən İrana qarşı niyyətin həyata keçməsinə imkan verməyib, verməyəcək: “Amma İran sübut edir ki, Azərbaycana düşmənçilik edir. Tehranın bizi şər-böhtanları, yalanları ilə ittiham etməyə çalışması Azərbaycan xalqında İran rejimi ilə bağlı səngimiş fikirlərin oyanmasına səbəb oldu. Sanki bizi letargiya yuxusundan oyandırdı, düşmənimizin kimliyini bir daha yadımıza saldı. İran bu hədyanlardan heç nə qazanmayacaq, hər şey bumeranq kimi əleyhinə çevrilir. Azərbaycan öz yolunu gedir və bizi müstəqil siyasətimizdən kimsə döndərə bilməz, eləcə də İran...”
Arzuxan ƏlizadəAMİP sədri Arzuxan Əlizadə hesab edir ki, İran erməni sevgisini malalamaq, cilalamaq istəyindədir: “Buna görə İsrail məsələsini bəhanə edir. Dəfələrlə deyilib ki, ərazilərimizdə İsrailin hər hansı bazası yoxdur. Ümumiyyətlə, heç bir üçüncü ölkənin hərbi bazası ərazilərimizdə yerləşməyib. Amma İran İsraildə səfirliyi olan Ermənistana dəstəyini davam etdirir, onu dost-qardaş ölkə adlandırır. İndi tam zamanıdır ki, bizim İsraildə səfirliyimiz açılsın”.
AMİP sədri bildirdi ki, İran hiylə işlədir: “Azərbaycan cəmiyyəti tam məlumatlıdır ki, İran ermənilərə yardım edir. Tehranın İsrail bəhanələri həm də daxili auditoriyaya hesablanıb, öz hərəkətlərini pərdələmək üçün belə iddialar səsləndirir. Çünki daxildə 40 milyon azərbaycanlıdan çəkinir və erməniyə verdiyi dəstəklə bağlı içəridə vətəndaşları sakitləşdirmək naminə bu uydurma ittihamları irəli sürür. Azərbaycan dəfələrlə bəyan edib, bu gün də öz mövqeyində dəyişməz olaraq qalır ki, cənub qonşu ilə yaxşı qonşuluq əlaqələri qurmaqda maraqlıyıq. Təəssüf ki, İran absurd ittihamlarından yorulmur”.
Emil SALAMOĞLU,
Çap