Menu
27 iyl 22:43XƏBƏR LENTİ / Gündəm

Azərbaycan və Türkiyə görünməmiş hərbi təlimlərə başlayır-Naxçıvandan Kürdəmirədək

Bakı və Ankaranın hərbi müttəfiqliyi istiqamətində növbəti möhtəşəm addım: işğalçı ölkə üçün çevrə daralır; ehtiyatda olan polkovnik-leytenant: “Bədnam qonşularımızı narahat edən məsələlərin də zamanı yetişmək üzrədir, buna heç kimin şübhəsi olmasın”
Türkiyə Cümhuriyyətinin ən yüksək səviyyədə Azərbaycana hərbi-siyasi-diplomatik müstəvidə tam dəstək verməsi işğalçı Ermənistanı və onun havadarlarını ciddi şəkildə narahat edib. Xüsusilə də Tovuz istiqamətindən işğalçı ökənin törətdiyi təxribatların qarşılığında prezident Rəcəb Tayyib Ərdoğanın “bu, Ermənistanın boyunu aşan təxribatdır” deməsinin ardınca atılan addımlar Azərbaycanda hər kəsi qürurlandırdı, düşmən ölkə isə təşvişə düşdü.
Türkiyə qırıcıları və pilotsuz uçuş aparatlarının Ermənistanla sərhəddə uçuşlar keçirməsindən sonra Rusiya və Ermənistan ordusu birgə təlimlər keçirdi. Ancaq bu, nə Türkiyə, nə də Azərbaycanda qəti narahatlıq doğurmadı və iki qardaş ölkə nəzərdə tutulan addımları sinxron şəkildə atmaqda davam edirlər. İyulun 27-də bu istiqamətdə növbəti, sevindirici rəsmi məlumat yayıldı.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Bundan əvvəl də iki ölkənin birgə təlimləri keçirilib. Ancaq budəfəki hərbi təlimlər Azərbaycanən əksər bölgələrini əhatə edəcək və bir sıra qoşun növlərini əhatə edəcək ki, bu da kifayət qədər ciddi hadisədir.
Məlumata görə, Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib. Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.
“Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin təlimlərə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları təlim yerlərinə doğru hərəkəti davam etdiriblər.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində qardaş ölkənin hərbi qulluqçularının təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən və hərbi-texniki əməkdaşlıqdan danışıblar.
Sonra təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, birgə hərbi təlimlər işğalçının arxasındakı gücə mesajdır: “Azərbaycan prezidenti İlham Əliyev bu ilin fevral ayında türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla Bakıda keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamada hərbi əməkdaşlığın inkişafından da danışmışdı. “Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq” – deyən dövlət başçısı Azərbaycanın Türkiyədən müasir silahların alınmasını davam etdirəcəyini bu sözlərlə izah etmişdi: “Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq”. Azərbaycan -Türkiyə hərbi əməkdaşlığı hər zaman aktualdır. Bölgədə vəziyyət gərginləşən kimi hərbi əməkdaşlığın aktuallığı daha da artır. Çünki, Ermənistanın Tovuz istiqamətində təxribatının arxasında geosiyasi faktorların ola biləcəyi istisna edilmədi. Türkiyə rəsmiləri isə açıq dedilər ki, sərhəddəki gərginliyin arxasında böyük güclər dayanıb, Azərbaycandan keçən regional layihələrə zərər vurmaq istəyirlər. Elə buna görə də başda Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan olmaqla müttəfiq dövlətin xarici işlər və müdafiə nazirləri Azərbaycana istənilən dəstəyi verməyə hazır olduqlarını bildilər. Böyük məna kəsb edən bu ifadə hərbi əməkdaşlığın genişlənməsindən tutmuş Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirməsinə qədər bəndləri nəzərdə tutur. İyulun 29-da Azərbaycanla Türkiyənin növbəti birgə hərbi təlimləri keçiriləcək”.
E.Şahinoğlu bildirdi ki, bu təlimlər əvvəlcədən razılaşdırılmış plana əsasən reallaşacaq: “Buna baxmayaraq, builki hərbi təlimlərin çoğrafiyasının geniş olması diqqəti çəkir. Cəmi 10 gün ərzində iki ölkə ordusunun hərbi təlimləri Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək, yəni bütünlükdə Azərbaycan əhatə olunacaq. Bu çox vacibdir və işğalçıya, onun arxasındakı güclərə önəmli mesajdır. Türkiyə Qars müqaviləsiylə yalnız Naxçıvanın təhlükəsiliyinin təminatçısıdır. Ancaq birgə hərbi təlimlərin çoğrafiyası göstərir ki, Türkiyə üçün artıq bütöv Azərbaycanın təhlükəsiliyi önəm daşıyır. Bu gedişat iki ölkə arasında yeni hərbi sazişinın imzalanmasını diqtə edir. Sərhəddəki münaqişədən sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini əldə edə bilməsə də, Moskva İrəvanı yalnız buraxmayıb. Rusiya mediasında Azərbaycan əleyhinə artan xəbər axını da bundan xəbər verir. İş o yerə çatıb ki, Ukraynada Rusiyaya bağlı separatçılar dezinformasiya yayaraq guya Ukraynanın rəsmi strukturlarının Azərbaycana muzdlu döyüşçülər göndərdiyini iddia ediblər”.
Ermənistanda maraqlı siyasi oyun gedir- Elxan Şahinoğlu
Elxan Şahinoğlu
Politoloq bildirdi ki, Rusiyanın Ermənistanla birgə pilotsuz uçuş aparatlarının neytrallaşdırlması ilə bağlı birgə təlimləri də Azərbaycana qarşı yönəlib: “Əlbəttə, prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan təklikdə Ermənistanla məsələni həll edə bilər, ancaq Rusiya Ermənistanı tək buraxmayacaq. Ona görə də Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq Azərbaycan üçün həyati əhəmiyyətlidir”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə “Yeni Müsavat”a dedi ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında keçirilməsi planlaşdırılan hərbi təlimlər hələ 2019-cu ilin sonlarında tərəflər arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq planlaşdırlmışdı: “İndiyə kimi bu cür təlimlər keçirilib və ilin sonuna kimi həm ikitərəfli, həm də üçtərəfli təlimlərin keçirilməsi planlaşdırılıb. Azərbaycan-Türkiyə və Gürcüstan Silahlı Qüvvələri arasında müxtəlif qoşun növləri və o cümlədən hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlər həm ötən illər, həm də qarşıdakı dönəmdə keçiriləcək. Bu təlimlərin ötən həftələrdə Tovuz istiqamətində baş vermiş məlum hadisələrlə bağlı qətiyyən əlaqəsi yoxdur. İndi müxtəlif qüvvələr, ələlxüsus da düşmənlərimiz və onların birbaşa və dolayısı havadarları tərəfindən yersiz bir ajiotaj qaldırıblar ki, guya bu təlimlər Ermənistana qarşı yönəlik təlimlərdir. Gülüncdür və əsassızdır bu cür iddialar”.
Üzeyir Cəfərov
Hərbi ekspert dedi ki, hər şeyin öz yeri var və zamanı olur: “Ona görə də, bədnam qonşularımızı narahat edən məsələlərin də zamanı yetişmək üzrədir, buna heç kimin şübhəsi olmasın. Ancaq, unutmayaq ki, bu gün Azərbaycan Ordusunun kifayət qədər gücü və yetərincə qüvvəsi mövcuddur. Təlimlərin eyni zamanda həm mənəvi, həm də çox ciddi siyasi əhəmiyyətə malikdir. Bunu da unutmaq olmaz. Bu təlimlərdə həm də yeni döyüş elementləri sınaqdan keçiriləcək. Bütün bunlar ordumuzun döyüş qabiliyyətini, bacarığının daha da artmasına kömək göstərəcək”.
Bu xəbərdən sonra Ermənistan mediasında təşviş dolu materiallar dərc olunmağa başlayıb. Ermənilər həyasızcasına iddia edirlər ki, gərginliyi Türkiyə yaradır. Hansı ki, Azərbaycan özü təkbaşına işğalçının cavabını verə bilər. Ermənistan 2016-cı ilin aprelində, Günnüt əməliyyatında və nəhayət, Tovuz döyüşündə Azərbaycan ordusunun gücünü görüb. Bunun ardınca gücümüzə güc qatan Türkiyə ordusu ilə yanaşı dayanmağımız düşməni təşvişə salıb. İşğalçı ölkə üçün çevrə daralır, nə qədər tez işğala son qoysa, özünü xilas etmiş olar...(musavat.com)
E.Paşasoy
Çap
Komment Əlavə et