Bəzən mağazalarda rastlaşdığımız hadisələrdən biri də qida məhsullarının üzərinə vurulan saxta qiymətlərdir. Məsələn, rəfdə üzərində 5,5 manat yazılmış hansısa mal kassadan keçdikdə 7,4 manat görsənir. Alıcı bunu görərsə, həmin malı almaqdan imtina edə bilər. Lakin bəzi alıcılar var ki, mağazadan çox mal aldığı üçün bunu görməyə bilir və bu da onun aldanmasına səbəb olur.
Məsələ ilə bağlı danışan Azad İstelkaçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu, ölkədə yayılmış ciddi problemlərdən biridir. Onun sözlərinə görə, bəzən bilərəkdən malların üzərinə taxçada aşağı qiymət yazırlar, skaner oxuyanda yuxarı qiymət çıxır:
"Bu, ölkədə çox yayılmış ciddi problemlərdən biridir. Bu, süni qiymət artımıdır. İstehlakçıların aldadılmasıdır. Belə vəziyyəti görən istehlakçının davranışı belə olmalıdır ki, onlar market sahibini çağırıb qiyməti dəyişdirməyi təkid etməlidir. Əgər olmasa, 195 telefonu ilə İqtisadiyyat Nazirliyinə məlumat verməlidir. Belə müəssisələr haqqında əgər istehlakçı məlumat verərsə, onları ən aşağısı 300 manat cərimə gözləyə bilər. Ona görə istehlakçılar biganə qalmasınlar. Ümumiyyətlə, Azərbaycan istehlakçıları bir ildə qiymətdə təxminən 500 milyon manat aldadılır və xüsusən kartla ödəniləndə bəzən çekə, telefondakı sms-ə baxmırlar və nəticədə aldadılmalar baş verir, almadıqları mal yazılır, başqa yüksək qiymətli mal yazılır və sair. İstehlakçılar diqqətli olsunlar".
E.Hüseynov istehlakçılara çağırış etdi ki, belə problemlərlə rastlaşdıqda, 195-ə zəng edərək uyğun dövlət orqanına məlumat versinlər.(redaktor.az)
Həmidə İbrahimli
Çap