Menu
02 sen 13:18XƏBƏR LENTİ / Gündəm

Polkovnik-leytenant Əfqan Abdurahmanov necə şəhid oldu... - Bir döyüşün TARİXÇƏSİ

Vətən müharibəsi zamanı Suqovuşan-Talış kəndləri istiqamətində gedən döyüşlərdə ermənilər ciddi itki vermişdilər. Həmin istiqamətdə döyüşən polkovnik - leytenant Əfqan Abdurahmanovun qəhrəmanlığı dillərə dastan olub. O sonradan şəhidlik zirvəsinə yüksəldi və Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görüldü.
Modern.az-ın məlumatına görə, həmin döyüşlərin iştirakçısı leytenant Cavid İbrahimli o günləri belə xatırlayır:

“İkinci tabor qabaqda gedir, arxadan gələn bölmələr bizim azad etdiyimiz mövqelərdə möhkəmlənir, həmin yerlərinn yenidən düşmən tərəfindən tutulmasının qarşısını alırdılar. Tutduğumuz mövqelərdə bir-iki gündən artıq qala bilmirdik. Ən ağır döyüşlərimiz 1353 yüksəkliyində oldu. Bu yüksəklik çox böyük strateji əhəmiyyət daşıyırdı və buradan ətraf əraziləri nəzarətdə saxlamaq, düşmənin hərəkətlərini izləmək mümkün idi. Hətta, Naftalan şəhəri uzaqdan görünürdü. Digər tərəfdən bu yüksəkliyin və yaxınlıqda olan digər yüksəkliklərin ələ keçirilməsi Ermənistan Silahlı Qüvvələrinə 6-cı dağatıcı alayının mühasirədən çıxarılmasına imkan verirdi. Ona görə də, onlar əks-hücum əməliyyatı keçirməklə 1353 yüksəkliyini yenidən tutmaq niyyətində idilər. Düşmən tərəf böyük qüvvə toplamış, əməliyyat planı hazırlamışdı.
1353 yüksəkliyini və Ağ uçuğu geri almaq üçün bir neçə istiqamətdə əks-hücuma keçdilər, ağır döyüşlər getdi, lakin döyüş hazırlığı bölməsinin rəisi, polkovnik - leytenant Əfqan Abdurahmanovun rəhbərliyi altında əsgərlərimiz düşmənin arzularını ürəyində qoydular. 2-ci taborun komandiri Soltan Məmmədov özünü bacarıqlı zabit kimi göstərdi”.

Leytenantın sözlərinə görə, Ağ uçuq deyilən yerdə də polkovnik - leytenant Əfqan Abdurahmanov peşəkar zabit olduğunu bir daha sübut etdi.

“Yuxarıda - 1353 yüksəkliyində 4-cü tabor 1-ci taboru əvəz etməli idi. Tabor hərəkətdə olarkən düşmənin diversiya qrupunun pusqusuna düşmüşdü. Hər tərəfdən atəş açılır, taborun irəliləməsinə imkan verilmirdi. Baş qaldırmaq, hətta yer dəyişmək mümkün deyildi, hərbiçilərimiz güllə yağışı altına düşmüşdü, böyük itkilər verə bilərdik.
Döyüş hazırlığı bölməsinin rəisi Əfqan Abdurahmanovla rabitə əlaqəsi yaradıldı, Pusquya düşən tabor kömək göndərilməsini, artilleriya dəstəyi istədi.

- Bizə hər tərəfdən atəş açırlar, hərəkət etmək mümkün deyil, pusqunu yarmaq böyük itkilərə səbəb olar, dəstək verin!

Qısa müddətdə ermənilərin atəş nöqtələri müəyyən edildi. Polkovnik-leytenant Əfqan Abdurahmanov çox soyuqqanlıqla, dəqiqliklə düşmən koordinatlarını müəyyənləşdirdi və bu koordinatları topçulara, minaatanlara verdi. Toplarımız və minaatanlarımız işə düşdü, düşmən mövqelərinə ağır zərbələr endirildi. Şiddətli döyüşdən sonra düşmən qüvvələri ağır itkilər verərək geri çəkildi, bizim də itkilərimiz oldu. Pusquya düşənlər arasında 3-cü bölüyün komandiri baş leytenant Ceyhun Məmmədov  və taborun mühimat (təchizat)  komandiri Raufqulu Həsənov da vardı. Şəhid və yaralılar təhlükəsiz əraziyə çatdırılaraq təxliyə olundular”,- leytenant Cabir İbrahimlı deyir. 
 
“Uğursuzluğa düçar olaraq, geri çəkilməli oldular”
 
“Bölmələrimiz ərazini təmizləməklə Suqovuşana alternativ yollarla girmək şansı qazandılar. Sonrakı əmrə əsasən, bölmələrimiz bir yerə toplaşaraq, Madagiz (Suqovuşan) istiqamətində dayanmadan 2-3 gün ac-susuz hərəkət etdilər. Əfqan Abdurahmanovun rəhbərliyi ilə Bayram İbişovun kəşfiyyat bölüyü, Soltan Məmmədovun taboru ara məsafəsi saxlamaqla bir kolon halında irəlilədi. Suqovuşana çatanda orada bir gecəni qaldıq. Əfqan Abdurahmanov tapşırdı ki, fərdi səngərlər qazaq. Çünki düşmən artilleriyası işləyirdi, açıqlıqda qalan şəxsi heyət qəlpələrdən zərər görə bilərdi. Gecəni orada keçirdik. Bu istiqamətdə də ağır döyüşlər oldu.
Səhər-səhər Əfqan Abdurahmanov məni çağırdı və sağ tərəfdəki təpəni göstərərək dedi:

- Cavid özünlə 10 nəfər götür. Qarşıdakı təpə bizim üçün strateji cəhətdən əhəmiyyətlidir.  Biz o istiqamətdən qəfil hücuma məruz qala bilərik. Orada möhkəmlən və düşmənin hərəkətini diqqətlə izlə, hərəkətlilik hiss etsən dərhal məlumat ver. Bu istiqamətdən hücumun qarşısının alınmasına cavabdehsən.
Bölükdən 10 nəfəri seçdim və tapşırığa əsasən təpədə möhkəmləndik.
Bizdən qabaqda daha bir qrup mövqe tutdu.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə dəfə hücuma keçdi, bizi tutduğumuz mövqelərdən çıxarmağa çalışdılar. Hər dəfə də uğursuzluğa düçar olaraq, geri çəkilməli oldular. Ermənistan ordusu­nun 6-cı dağatıcı alayı ordumuzun uğurlu əməliyyatı nəticəsində darmadağın edildi”.

“Üçrəngli bayrağımızın Suqovuşanda dalğalanması böyük qürur hissi doğurdu”


“Artiq Suqovuşana yol açılmışdı. Polkovnik-leytenant Əfqan Abdurahmanov kəşfiyyat bölüyü ilə sol tərəfdən qəsəbəyə girdi. MAXE-lər də qəsəbənin alınmasında yaxından iştirak etdilər. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirdi”.
Leytenant Cavid İbrahimli deyir ki, qəsəbə düşməndən azad edildikdən sonra Azərbaycan bayrağının yaşayış məntəqəsində asılması əmri gəldi.

“Komandirimiz tapşırığın yerinə yetirilməsi üçün daha təhlükəsiz hərəkət istiqamətini müəyyən etdi. Bu zaman ərazinin relyefini əsas götürdü, yəni ən təhlükəsiz hərəkət istiqamətini seçdi. Çünki ətraf yüksəkliklərdə hələ də ermənilər yerləşmişdi və bizim hərəkət istiqamətimizi izləyə, müxtəlif silahlardan atəşə tuta bilərdilər. Bayrağın sancılmasında mənim bölüyümdən Əli Şahmarov da iştirak etdi. Üçrəngli bayrağımızın Suqovuşanda dalğalanması hər birimizdə böyük qürur hissi doğurdu, bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı daha da artırdı”.
 
“İkimizin də əmri bir gündə gəldi” 

“Əmrə əsasən, düşməndən azad edilən mövqelər 701-ci hərbi hissəyə təhvil verildi. Bundan sonra bölmələrimiz təyin olunan yerdə toplaşdı və şəxsi heyətin yeniləşməsi, yenidən kompleksləşdirilməsi məqsədilə Talış kəndinə göndərildik. Bir gün orada qaldıq. Axşam saat 3-də  gedəcəyimiz istiqamət barədə məlumat verildi. Bildirildi ki, 951-ci yüksəkliyə hücuma keçəcəksiniz. Şəxsi heyət silah-sursatı yenilədi, yemək-içmək, su ehtiyatı götürüldü.
Talış kəndindən çıxmamışdan 8-9 saat qabaq 2-ci taborun komandiri Soltan Məmmədov şəxsi heyətin sıraya düzülməsi barədə əmr verdi. Şəxsi heyət sıraya düzüləndən sonra mənim adımı çəkdi:
– Leytenant Cavid İbrahimli, önə çıx!
Sıradan önə çıxdım. Tabor komandiri dedi:
– Cavid İbrahimli bundan sonra 5-ci bölüyün komandiridir.

Mənim bölük komandiri təyin olunmağımda polkovnik-leytenant Əfqan  Abdurahmanov və tabor komandirim Soltan Məmmədovun təqdimatının böyük rolu oldu. Həmin gün Əfqan Abdurahmanovun briqadaya qərargah rəisi təyin olunması barədə də əmr gəlmişdi. İkimizin də əmri bir gündə gəldi.
 
951yüksəkliyin azad edilməsi üçün hərəkətə keçdik. Bizim tabor 8-9 qrupa bölündü. Əsas qruplar  5-ci bölükdən təşkil edilmişdi”.
 
“Düşmənə görüntü vermədən çox çətinliklə doğru irəliləyirdik”

 
Ən yaxşı döyüş qabiliyyətini 5-ci bölük saxlamışdı, digər bölüklərdə şəxsi heyət az idi. Briqadanın qərargah rəisi leytenatn Cavid İbrahimlini yanına çağırıb əmr verir ki, əvvəlcə 1-ci və 2-ci qrupları təyin olunan məntəqəyə göndərsin, özü isə 3-cü qrupla hərəkət etsin.
Leytenant Cavid İbrahimli: “15-20 dəqiqəlik fasilələrlə qrupları yola saldım. Müəyyən məsafəyədək KAMAZ maşınları ilə getdik. Maşınların düşmən tərəfindən aşkar olunub vurulmaması üçün qaranlıqda işıqları söndürüb, məsafə saxlamaqla hərəkət edirdik. Əsgərlərə siqaret çəkməmək, səs salmamaq tapşırılmışdı. Müəyyən məsafəyədək maşınlarla getdik. Sonra piyada hərəkət edərək, dağın ətəyinə çatdıq. Buradan isə yuxarı qalxmağa başladıq. Ərazi yarğanlı, daşlı-qayalı, torpağı isə sürüşkən idi. Ağac budaqlarından, daşlardan tutaraq sakitcə, düşmənə görüntü vermədən çox çətinliklə yuxarıya doğru irəliləyirdik. Biz elə bir yerdən qalxırdıq ki, oranın sağ - solunda, yuxarısında möhkəmləndirilmiş erməni mövqeləri vardı. 3-4 saatdan sonra təyin olunan yerə çatdıq. Çox çətin yer idi, maili olduğundan rahat uzanmaq, oturmaq olmurdu. Elə bir yer idi ki, sanki düşmən bizim irəliləməyimizə şərait, zəmin yaratmışdı. Sanki “gəlin yuxarıya, ağzımızın içinə çıxın”,- deyirdi”.

Cavid İbrahimlinin sözlərinə görə, briqadanın qərargah rəisi Əfqan Abdurahmanov komandir heyətini bir yerə topladı və zabitlərlə düşmən mövqeyinə hücum planını müzakirə etdi.

“Dəqiqləşdirmə aparmaq üçün qayanın başına çıxdıq. Orada bir az düz yer var idi.

– Baxın, ətrafı diqqətlə nəzarətdən keçirin, biz düşmən mövqeyinə hücum üçün əlverişli istiqamət seçməliyik. Çox itki vermədən döyüş tapşırığını yerinə yetirməliyik,- Əfqan Abdurahmanov dedi.
Baxdıq ki, düşmən tərəfdə 2 tank, 82 və 60 mm-lik minaatanlar var. Mövqelərinin önünə isə minalar basdırırlar. Ümumiyyətlə, geniş minalanmış sahələr vardı. Elə bil ki, gözləyirdilər biz gələk. Yəni sanki deyirdilər ki, “gəlin ora, biz sizi vuraq”.
Hər tərəf nəzərdən keçiriləndən sonra qərara gəlindi ki, kəşfiyyat bölüyü sağ tərəfdən, həmlə taboru isə sol tərəfdən hücuma keçsin.
Dağa axşam çatmışdıq, qərara alındı ki, hücuma səhər tezdən keçək”. 
 
“İstənilən anda düşmənin diversiya qrupu ilə qarşılaşa bilərdik” 

“1-ci və 2-ci qrup daha əvvəl yola düşsə də, təyin olunan yerə gəlib çıxmamışdı. Bu bölük komandirində narahatlıq yaratdı və o bu barədə qərargah rəisinə məruzə etdi.
Həmin vaxt itkilərimiz az olsun deyə şəxsi heyət ətrafa səpələnmişdi, amma hər iki qrupun heyəti heç bir yerdə yox idi.
– Hər tərəfə baxmışam, hər iki qrup vaxtında gəlib çıxmayıb ,- dedim.

Qərargah rəisi:

– Özünlə bir nəfər götür, dağın ətəyinə düş, bəlkə yolda qalıblar, ya hadisə baş verib,

Müddətdən artıq hərbi qulluqçu (MAXE) Şahin Hüseynovu özümlə götürüb aşağı düşmək istəyəndə bir əsgər yaxınlaşdı və bizimlə getmək istədiyini bildirdi.
Üç nəfər - mən, Şahin Hüseynov, Xəyal Əsgərzadə - gecə qaranlıqda dağın ətəyinə düşdük. Hər tərəfdə sakitlik hakim idi, xışıltı, danışıq səsləri asanlıqla eşidilirdi.
Pusquya düşməmək üçün çox ehtiyatla hərəkət edir, arabir dayanıb ətrafı diqqətlə dinləyirdik. İstənilən anda düşmənin kəşfiyyat və ya diversiya qrupu ilə qarşılaşa bilərdik. Bizdən aşağıda zəif danışıq səsləri gəlirdi. Sakitcə səs gələn tərəfə yaxınlaşdıq, arabir Azərbaycan dilində sözlər aydın eşidilirdi. 4-cü taborun şəxsi heyəti idi, ehtiyat qüvvə kimi gətirilmiş və dağın ətəyində yerləşdirilmişdi. Tabor komandiri Şahmar Hacıyev orada idi. O, tabor komandiri təyin olmazdan əvvəl döyüş hazırlığı rəisinin köməkçisi idi. Soruşdu:

- Gecənin bu vaxtı hara gedirsiniz?

- 1-ci və 2-ci qrup gəlməyib, onları axtarırıq.

Onun köməyilə Əfqan Abdurahmanovla əlaqəyə çıxdım.

Əfqan Abdurahmanov dedi:

- Qaranlıqda, yola çıxmayın, pusquya düşərsiniz. Gözləyin hava işıqlananda  irəliləyərsiniz.

MAXE Xəyal Əsgərzadə yenidən yuxarı qalxdı.  O, Şəki rayonun Qayabaşı kəndindən idi, döyüşlərin birində erməni əsgərini əsir götürmüşdü.
 
“İçimdə bir narahatlıq, həyəcan vardı”
 
Cavid İbrahimli və Şahin Hüseynov saat 5:30-da Suqovuşana doğru irəliləyir. Qırmızı damlı otel və istirahət mərkəzinə çatanda qərargah rəisi yenidən onunla rabitə əlaqəsinə girir.

“– Heç yerə getmə, hər iki qrupa briqada komandir başqa tapşırıqlar verib və başqa istiqamətə göndəriliblər. Bizimlə əlaqəyə çıxmayıblar, sənin də xəbərin olmayıb. Arxaya, bizim yanımıza qayıt.

Əfqan Abdurahmanova üstüörtülü qırmızı damlı otel və istirahət mərkəzinin yanında olduğumu demişdim. Həmin yeri çox yaxşı tanıyırdı. Tapşırdı ki, oteldə ərzaq və su varsa yuxarıya, olduqları yerə gətirim.
- Şəxsiyyət neçə gündür ac-susuzdu.

Dedim:

– Sizi başa düşdüm.

Yaxınlıqda su anbarı vardı, suyu içilməli idi. MAXE ilə 4 balon tapdıq, onları təmizləyib içini su ilə doldurduq. İkisini mən, ikisini də Şahin Hüseynov bağlayıb çiynimizə atdıq və dağın yuxarısına doğru qalxmağa başlaşanda başqa tapşırıq aldım.

Əfqan Abdurahmanov bizə yuxarı çıxmazdan əvvəl hücuma dəstək vermək üçün göndərilən SPAYK (tank əleyhinə raket kompleksi ) qrupunu gözləməyi və gələn kimi bələdçilik edib, yuxarı-yanına gətirməyi tapşırdı.

Xeyli gözlədim, gələn olmadı, içimdə bir narahatlıq, həyəcan vardı. Yenidən əlaqəyə girdim, gəlib çıxmadıqlarını bildirdim. “Mütləq gələcəklər, gözlə ”,- dedi
Bizim danışıqdan 5 dəqiqə keçməmiş dağın yuxarısında partlayış səsi gəldi. Həmin vaxt bizimkilər hücumun detallarını müzakirə etmək üçün bir yerə toplaşıbmış. Düşmən də Tonaşendən şəxsi heyətin bir yerə toplaşdığını görüb həmin yerə tankdan atəş açmışdı. Qalxdım ayağa, gördüm ikinci mərmini də atdılar. Ümumilikdə, 3  tank mərmisi atdılar və 3-ü də taborun olduğu yerə düşdü. Bir an donub qaldım, özümü toparladım, beynimdən ilk keçən söz “Uşaqları vurdular” oldu.
Üstümdə nə varsa çıxarıb bir tərəfə atdım. Dəlicəsinə, düşmən tərəfindən vurulacağımı belə düşünmədə yuxarıya doğru qalxdım”. 

“Atama deyin ki, oğlu kişi kimi döyüşdü”
 

“Dünənə qədər bir yerdə  yeyib-içdiyin, bir oturub-durduğun, deyib - güldüyün, bir yerdə yatdığın döyüş yoldaşlarının şəhid  və yaralanmasını görmək çox ağırdır. Biri odeyalın (yorğan) arasında, digəri  xərəkdə, o biri buşlatın (gödəkcə) içində, bir başqası döyüş yoldaşının çiynində. Bu səhnə adama çox pis təsir edirdi, heç kimə arzulamıram. Çıxdım yuxarı.

Ən birinci qarşıma çıxan tabor komandirim Soltan Məmmədovun nəşi oldu. 4-cü bölükdən Amil Vəliyev onun başının üstündə çarəsizlikdən ağlayırdı. Əlindən bir şey gəlmirdi, tabor komandiri şəhid olmuşdu. Qəlpə telefonun baş tərəfindən sıyrılmış və ürəyinə dəymişdi.  Bəlkə qəlpə telefona dəysə idi polkovnik-leytenant Soltan Məmmədov sağ qala bilərdi. Tabor komandirim döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu.
Yuxarı çıxanda gördüm ki, bir nəfəri odeyalın (yorğan) içində gətirirlər. Ağrıdan qışqırırdı. İki morfi vursalar da, ağrı onun üçün dözülməz idi. O MAXE Xəyal Əsgərzadə idi. Ayağı dizdən aşağı dəridən sallanırdı, amma sümüyü yerində idi. Dağın ətəyinə çatdırılanda yenidən morfi vursalar da, ağrıdan özündən getdi.
Onda elə bilirlər Xəyal şəhid olub, lakin o, hospitalda yenidən ayılıb. Oktyabrın 19-da isə şəhid oldu. Son sözü bu olmuşdu: “Atama deyin ki, oğlu kişi kimi döyüşdü”.
Qardaş kimi mənə yaxın olan Vüsal Nəsirovu yaralı vəziyyətdə gətirəndə çox pis oldum. Boğazından qəlpə yarası almışdı. Mən tapşırıqla aşağı düşməzdən əvvəl biz - Çəfər də daxil olmaqla üçümüz yan-yana uzanmışdıq. Mən aşağı düşəndən sonra isə bir MAXE gəlib mənim boş qalan yerimdə uzanır. Top mərmisi düşəndə həmin MAXE də qəlpə yarasından şəhid olmuşdu.

Vüsalın isə qəlpə boynundan dəyib, ayağı isə 3 yerdən sınmışdı. Onu ilk yardım göstəriləndən sonra aşağı, dağın ətəyinə düşürdülər.
 
Vüsalı aşağı yola salandan sonra düzənlik kimi olan yerə çıxdım. Gördüklərimdən şok oldum, ağır səhnə idi. Bir MAXE- nin bədənin yarı hissəsi qalmış, qalan hissəsi isə param-parça olub ətrafa səpələnmişdi. Onun bədənin hissələrini toplayıb kisəyə yığdıq və əsgərə tapşırdım ki, aşağı düşürsün”. 

“Əfqan Abdurahmanovu tanıdım”


“Başımı yana çevirəndə bir hərbçinin qolunun yana açılmış vəziyyətdə olduğunu gördüm. Qolundakı saatdan Əfqan Abdurahmanovu tanıdım. Əlində isə nəyisə möhkəm sıxmışdı. Mərminin partlayış dalğasından üç nəfər bir-birinin üstünə düşmüşdü. Üstəkini çəkib kənara qoyanda Qusar rayonundan Murad Məmmədovu tanıdım, şəhid olmuşdu.
 
Sonra yerə oturdum, komandirimin, qərargah rəisi Əfqan Abdurahmanovun kürəyi dizimin üstündə idi. Heç bir qəlpə yarası yox idi, sağ olduğuna inanırdım.

- Çənab polkovnik, yaralısanmı?
Cavab gəlmədi. Sağ qolundan çəkib bədənini çevirəndə  sol qolunda qan olduğunu gördüm. Başı yan tərəfə çevrilində isə daşın, ya da qəlpənin- sözün düzü nə olduğunu bilmədim-  ənsə tərəfdən başına girdiyini gördüm. Onun ölümünə də bu səbəb olmuşdu.

Komandirin nəşini əsgərlərin aşağı, dağın ətəyinə endirməsinə icazə vermədik, onu biz üç zabit endirdik.
Komandirimin əlində sıxdığı telefonu və saatı bronejiletimin cibinə qoydum ki, ailəsinə çatdırım. Sonradan onları Qəbələdən olan rabitə sürücüsü Azad Əhmədliyə təhvil verdim ki, ailəsinə çatdırsın”.

Pünhan Əfəndiyev
Çap
Design was a critical ingredient for problem-solving at Nike, at every level and in every area of the organization. Discount Shoes

Komment Əlavə et