Menu
29 iyl 16:52XƏBƏR LENTİ / Gündəm

“Rahib 20 il vətənə xidmət edib, amma Vətənin nə daşını, nə qumunu şəhidin ailəsinə qıyırlar”

“Rahib Murovda olduğu üçün heç bir bilmirdik nə baş verir. O, sentyabrın sonlarında evə gəldi. Dedi ki, “vidalaşmağa gəlmişəm, bəlkə görmək qismət olmadı”.
 
Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsində şəhid olan mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva deyib. Aygün xanım şəhid həyat yoldaşının döyüş yolunu belə nəql edib:
 
“Rahib akademiyanı 2006-cı ildə bitirdi, bir il Təlim Tədris Mərkəzində kurs keçdi və 2008-ci ildən də xidmətə başladı. İlk xidmət yeri Hacı Zeynalabdin Tağıyev adına qəsəbə oldu, daha sonra isə Qazaxa getdi, bir il sonra isə Murovdağa göndərdilər. Son səkkiz ili Murovda xidmət edirdi. Özü motoatıcı, tabor komandiri idi. Biz onunla 2008-ci ildə ailə qurduq”. 
 
“Dövlət bizə otuz min pul ayırmışdı və onun da üstünü düzəldib bunu aldıq...”
 
“Murovda işləyəndə isə Rahib ən ön xətt taborunda xidmət etdiyi üçün bizi ora apara bilmədi. Ancaq məzuniyyətə gəlirdi. Uşaqlar körpədi, xəstə olurdu deyə mən uşaqlarla Sumqayıt şəhərində qalırdım. Sumqayıtdakı evi ipotekayla almışdıq. Dövlət bizə otuz min pul ayırmışdı və onun da üstünü düzəldib bunu aldıq. Rahib şəhid olandan sonra on min manat borc qalmışdı sığorta şirkəti onu bağladı”. 
 
“Dedi ki, vidalaşmağa gəlmişəm, bəlkə bir də görüşmək qismət olmadı...”
 
Rahib Murovda olduğu üçün heç biz lmirdik nə baş verir. O, sentyabrın sonlarında evə gəldi. Dedi ki, “vidalaşmağa gəlmişəm, bəlkə bir də görüşmək qismət olmadı”. Onda biz bilmirdik ki, bu tezliklə müharibə başlayacaq. Amma o, həmişə müharibə olacağını deyirdi. Sentyabrın 26-da danışdıq dedi ki, “hər şeyə hazırlıqlı olsun, heç kimin qarşısında ağlama”. Amma mən də başa düşmədim. Daha sonra əsgəri gəldi ki, komandir sizi təcili çağırırlar və onunla da əlaqə kəsildi, danışa bilmədik. Sentyabrın 27-də səhər tezdən öyrəndik ki, müharibə başlayıb. Mən də, qayınanamgil də çox yerlərlə əlaqə saxlamağa çalışırdı ki, Rahiblə danışa bilək. Sentyabrın 28-də Rahib zəng vurub dedi ki, “hər şey yaxşıdı, biz irəliləyirik”. Sentyabrın 30-da isə o, qolundan və ayağından yaralanaraq qanitirmədən şəhid olub”. 
 
“Onda bildim ki, Rahib yaralansaydı, dostu ağlamazdı...”
 
“Biz onun şəhid xəbərini oktyabrın 1-də aldıq. Rahibin şəhid olduğunu bilmirdik. Amma hər gün zəng vuranda deyirdilər ki, sağdı, narahat olmayın. Amma oktyabrın 1-də dostu zəng vurdu və dedim ki, Rahibdən xəbər öyrənə bilmisənmi? Dedi ki, sizə xəbər edəcəklər. Bu söz mənə çatmadı. Dedim ki, mənə nəyi xəbər edəcəklər? Onda dostu başladı ağlamağa. Onlar çox yaxın dost idilər. Onda bildim ki, Rahib yaralansaydı, dostu ağlamazdı”. 
 
“İndi uşaq darıxıb atasının nömrələrinə zəng vurur...”
 
“Uşaqların hər üçünü dəfn mərasiminə aparmışdım. Qızım və oğlum başa düşür. Balaca oğlum isə heç nə başa düşmür. Ortancıl uşaq çox əzab çəkir, atasına çox bağlı idi. Yoldaşım işini qurtarıb axşamlar zəng vururdu. İndi uşaq darıxıb atasının nömrələrinə zəng vurur”. 
 
Şəhid zabitimizin xanımı mənzillə bağlı probleminin olduğunu bildirib:
 
“Yoldaşım şəhid olanda hansı vəziyyətdəydiksə, indi ondan da pis günə qalmışıq. Bizi mənzillə təmin etməyiblər və bu yaşadığımız ev də heç təmirə yaramır. Nəmişlik, rütubətdi. Kanalizasiya xətləri evə daşır, birinci mərtəbədə qalırıq. Bir çox yerlərə müraciət etmişəm, amma kömək edən olmayıb. “YAŞAT” Fondu 10000 (on min manat) verdi ki, bu pulla təmir edin. Amma bu məbləğ də evin təmirinin heç yarısına çatmır. Üçotaqlı evdir. Uşaqlarımın hər ikisi Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə qəbul olublar. Yerim yoxdu ki, gedib yaxında ev tutum ki, uşaqlarım oxusun. Bizim yaşadığımız bu evə heç pul verən də yoxdur ki, satım çıxım. Özüm də xəstəyəm, daimi müalicə alıram. Ancaq uşaqlarıma baxıram deyə işləmirəm. Həyat yoldaşım iyirmi il bu vətənə xidmət edib, amma nə daşı, nə də qumu şəhidin ailəsinə qıymırlar. Həqiqətən də çox pis vəziyyətdəyik. Bizə deyirlər ki, mənzil növbəsinə qeydiyyata alınmısınız”.
 
Qeyd edək ki, Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Rahib “Canavar” postunun alınmasında xüsusi qəhrəmanlıq göstərib. Vətən müharibəsində göstərdiyi xidmətlərinə görə ölkə başçısı tərəfindən ölümündən sonra şəhid Rahib Babayev “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 
 
Şəhidimizin üç azyaşlı övladı yadigar qalıb.
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn
Çap
Komment Əlavə et