Qubada azyaşlı qız qətlin qarşısını alıb. Kaş bütün qətl hadisələrində kimsə beləcə ortaya çıxıb insan ölümünün qarşısını ala biləydi. Bu hadisədə azyaşlı qız anasını ölümdən qurtararaq qəhrəman olub.Quba rayon Prokurorluğundan verilən məlumata görə, aprelin 25-i saat 13 radələrində rayonun Səbətlər kənd sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri, 38 yaşlı Elşən Muradov həmin gün qayınanasına məxsus evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə Gülnar Muradovanın baş nahiyəsinə 2 dəfə zərbə endirib. G. Muradova yerə yıxılandan sonra E. Muradov əlləri ilə onu boğmaq istəyərkən qızları Ayşən Muradova stəkanla atasının başına zərbə endirib. Bununla da o, qətlin qarşısını alıb və anasını ölümdən qurtarıb.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çap