"Əziz Qardaşım, hörmətli Prezident, əziz dövlət və hökumət başçıları, mən bir daha buna görə sizin hamınıza minnətdarlığımı bildirmək istəyirəm. Rəmzi hal ondan ibarətdir ki, Türk Dünyasının Ali Ordenini Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verən zaman alır".
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı deyib.
"Eyni zamanda, bu, son iki il ərzindəki bizim işlərimizə də verilən qiymətdir və bu şərəfli missiyanı Türk Şurasındakı və bundan sonra Tük Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki onun siyasəti və liderliyi sayəsində Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir.
Hesab edirəm ki Türkiyənin gücünü - siyasi, iqtisadi, hərbi gücünü, indi dünyada bilməyən yoxdur və əziz qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir. Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz əziz Qardaşıma minnətdar olmalıyıq. Azərbaycan xalqı adından bu gün böyük şərəflə danışaraq əziz Qardaşıma Azərbaycan xalqının hədsiz məhəbbətini çatdırıram. Tayyib bəyi Azərbaycanda savaşa qədər hər kəs sevirdi, savaşda bizə göstərdiyi bu böyük dəstəyə görə isə Tayyib bəy Azərbaycan xalqının qəlbində yaşayır və əbədi yaşayacaq" - dövlət başçısı vurğulayıb.(report.az)
Çap