Menu
29 fev 20:09XƏBƏR LENTİ / Hadisə

Yaşlı kişini döyən Ramilə cəza kəsildi - əməlindən peşman olmadı

Bakıda qonşusu olan yaşlı kişini döyən gənc hakim qarşısına çıxarılıb. Ona 5 il 6 ay müddətinə cəza kəsilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən 28 yaşlı Ramil Bağırovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında əvvəlcə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında bildirib ki, Ramil Bağırov qonşusu Məhəbbət Muxtarovun sifət nahiyyəsinə yumruqla zərbə endirərək onun sağlamlığına ağır zərər vurub. Hadisəyə səbəb isə Ramilin söyüş söyməsi və Məhəbbət Muxtarovun da buna irad bildirməsi olub.
Dövlət ittihamçısı törətdiyi əmələ görə Ramil Bağırova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyib.
Məhkəmədə məlum olub ki, Məhəbbət Muxtarov Ramil Bağırovu bağışlayıb. Buna səbəb isə Məhəbbət Muxtarovun oğlunun da Ramil Bağırovu vurması olub.
Belə ki, Məhəbbət Muxtarovun vurulduğunu öyrənən oğlu Ramil Bağırovla görüşə gedib. Tərəflər arasında əlbəyaxa dava olub. Onlar bir-birlərini bıçaqla da hədələyiblər. Bundan sonra Məhəbbət Muxtarovun oğlu da məsuliyyətə cəlb edilib. Tərəflər arasında razılığa əsasən onlar bir-birlərindən şikayətçi olmayıblar.
Amma Ramil Bağırov məhkəmədə hakimin "baban yaşda kişini vurduğuna görə peşmansanmı" sualına cavab olaraq "xeyr" cavabını verib. Bildirib ki, özünü ancaq Allah qarşısında günahkar hesab edir.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Ramil Bağırov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Çap
Komment Əlavə et