İran maşınları Azərbaycana vergi ödəyir - Gorus-Qafan yolunda məntəqəmiz quruldu
Bundan sonra İrandan Ermənistana yük daşıyan TIR-lar Azərbaycanın Gorus-Qafan yolu üzərində qurduğu gömrük-nəzarət məntəqəsindən keçib gedəcək. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda ötən gün Gorus şəhərinin vitse-meri Karo Köçəryan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi yolda nəzarət məntəqəsinin tikintisini başa çatdırıb. Və hazırda məntəqənin qarşısında çoxlu sayda İran TIR-ları keçmək üçün növbə gözləyir. Köçəryan habelə deyib ki, Azərbaycan tərəfi Gorus-Qafan yolunun üzərində yanacaqdoldurma məntəqəsi də tikməyə başlayıb. “Gorusda hərəkət isə məhdudlaşdırılıb və hər saatda bir həyata keçirilir”,-o deyib. Xatırladaq ki, Gorus-Qafan yolunun 22 kilometrlik hissəsi hələ sovet dövründən Qubadlı ərazisindən keçirdi. Ötən ilin dekabrında Azərbaycan Ermənistanla bu istiqamətdə dövlət sərhədlərini bərpa edəndən sonra yolun həmin hissəsi də Azərbaycanın nəzarətinə keçmiş oldu. Bir müddət həmin yolla İran TIR-larının maneəsiz hərəkətinə imkan yaradılmışdı, lakin həmin TIR-ların bir qisminin Ermənistan üzərindən Qarabağa, Azərbaycan ərazilərinə qanunsuz daxil olması hallarına son qoyulmaması Bakını məcbur etdi ki, yolda polis nəzarəti tətbiq etsin və tranzit yükdaşımaları haqda qanunvericiliyin tələblərinə uyğun olaraq həmin maşınlardan yol vergisi tutsun. Bu məsələ İranla Azərbaycan arasında gərginliyə gətirib çıxarsa da, nəhayət, rəsmi Tehran Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmalı oldu və öz yük maşınlarına Laçın dəhlizinə daxil olmağı qadağan etdi. Göründüyü kimi, iranlılar həm də Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsindən tranzit keçib Ermənistana getməyə görə yol vergisini də ödəməyi qəbul ediblər.(musavat.com)