Xəbər verildiyi kimi, Rusiyada fəaliyyət göstərən strategiyaların və texnologiyaların analizi Mərkəzi 44 günlük ikinci Qarabağ müharibəsinə həsr edilmiş araşdırmasını “Qafqazda fırtına” adlı kitab şəklində dərc edib. virtualaz.org bu kitabdan bəzi maraqlı məqamları oxuculara çatdırıb. Kitabda müharibənin gedişatı kifayət qədər əhatəli analiz olunur və bildirilir ki, Azərbaycan ordusunun hərbi əməliyyatların birinci günündə-sentyabrın 27-də Qarabağdakı erməni qüvvələrinə endirdiyi sarsıdıcı zərbə faktiki olaraq müharibənin sonrakı gedişatını müəyyənləşdirmişdi.
Mərkəzin analizində xatırladılır ki, ermənilərin müdafiə xətti birinci Qarabağ müharibəsinin nəticəsi olaraq formalaşmış təmas xətti boyu qurulmuş beton atəş nöqtələrindən, minalanmış sahələrdən, tikanlı məftillərdən və digər möhkəmləndirilmiş uzunmüddətli müdafiə mövqelərindən ibarət idi. Bu, “Ohanyan xətti” adlanırdı və praktiki olaraq 90-cı illərin ortalarından bəri dəyişməz qalırdı. Nəticədə Azərbaycan hərbi planlaşdırıcıları düşmənin əsas hədəflərinin yerini müəyyənləşdirməkdə çətinlik çəkməyiblər və döyüş əməliyyatları planında ermənilərin əsas möhkəmləndirilmiş müdafiə mövqeləri, digər mühüm hərbi obyektləri dəqiq koordinatları ilə əks olunmuşdu. Bu da imkan verdi ki, elə müharribənin ilk günlərindəcə həmin hədəflərə dəqiq zərbələr endirilsin. Digər tərəfdən ermənilər özlərinə o qədər arxayın idilər ki, maskalanmaya xüsusi əhəmiyyət verməmişdilər.
Bu özünəarxayınlıq isə onlara çox baha başa gəldi. Mərkəzin təhlilində deyilir ki, hərbi əməliyyatların birinci günündə, yəni sentyabrın 27-də Azərbaycan ordusu Qarabağda ermənilərin hava hücumundan müdafiə sistemlərinin 60 faizini, artilleriyasının isə 40 faizə qədərini sıradan çıxardı.“Bu ildırımsürətli zərbə faktiki olaraq Ermənistanın müharibənin lap erkən mərhələsində müdafiə imkanlarının böyük hissəsini sıradan çıxardı və sonrakı döyüş əməliyyatlarının gedişatını müəyyənləşdirdi. Faktiki olaraq Azərbaycanın birinci zərbələri koordinatları çoxdan bəlli olan hədəflərə yönəldilmişdi. Azərbaycan hava hücumundan müdafiə sistemlərinin məhv edilməsini prioritet olaraq müəyyənləşdirdi ki, öz aviasiyası üçün hava məkanını açsın və havada hökmranlığı qazansın. Bunun üçün Azərbaycan köhnə An-2 təyyarələrindən də tələ qismində istifadə etdi”,-təhlildə deyilir.
Kitabda qeyd olunur ki, “Ohanyan xətti”nin cənub cəbhəsində çökməsindən və ermənilərin hava hücumundan müdafiə sistemlərinin böyük əksəriyyətinin məhv edilməsindən sonra Azərbaycan qoşunları geri çəkilən erməni qüvvələrini asanlıqla vura bilirdi, onlar havadan edilən hücumlardan qorunmaqda getdikcə daha çox çətinlik çəkirdilər. Erməni qüvvələri nizamsız şəkildə geriyə, dağlara tərəf çəkilirdilər və nəticədə onların köhnəlmiş hava hücumundan müdafiə vasitələrinin imkanları da daralırdı. Çünki dağların əhatəsində belə sistemlərin radarları heç də yaxşı çalışmır.
Digər tərəfdən dağlıq-meşəlik ərazilərdə avtomobil karvanlarının manevri üçün də məkan daralmışdı və erməni qüvvələri sursatı, canlı qüvvəni Azərbaycanın pilotsuz aviasiyasının nəzarətində olan yollarla daşımalı olurdular. Nəticədə onlar böyük sayda avtomobil texnikasını və canlı qüvvəni hələ döyüşə atılmamış, yollarda itirirdilər.Təhlildə qeyd olunur ki, geri çəkilən erməni qüvvələri çoxlu sayda saz döyüş texnikasını və avtomobil texnikasını da atıb gedirdilər. Nəticədə Azərbaycan 100-dən çox tank da daxil olmaqla çoxlu sayda qənimət hərbi texnika ələ keçirmişdi. “Böyük sayda atılmış texnika aşağı mənəvi ruhdan, komandanlığın itirilməsindən və qoşunların idarə edilməsinin pozulmasından irəli gəlirdi. Lakin bu vəziyyət heç nədən yaranmamışdı və burada Azərbaycan qoşunlarının döyüş əməliyyatlarının gedişini öz xeyrinə dəyişdirməsi əsas rol oynamışdı. Azərbaycan PUA-ları şəxsi heyəti, sursatı və təchizatı daşıyan çoxlu sayda avtomobil texnikasını yollarda məhv etməklə erməni qoşunlarının təchizatını pisləşdirdi, onların döyüş ruhunu sındırdı”,-kitabda deyilir.
virtualaz.org
Çap