Xəbər verildiyi kimi, Almaniyanın iqtidardan getməkdə olan kansleri Angela Merkel Türkiyəyə vida ziyarətinə gəlib. Burada o, Türkiyə rəsmiləri tərəfindən yüksək səviyyədə qəbul olunub.
Prezident Rəcəb Tayyip Ərdoğanla birgə mətbuat konfransında iki lider arasında dövlət idarəçiliyinin forması üstündə mübahisə düşüb.
Türkiyə dövlət başçısı parlamentar rejimin və onun koalisiya hökumətlərinin bir çox məsələlərin həllində ciddi əngəl törətməsindən danışıb. Onun sözlərinə görə, Angela Merkelin hakimiyyətini Türkiyə və Almaniya arasındakı münasibətlərdə uğurlu dövr saymaq olar. Lakin rəsmi Ankara Almaniyada koalisiya hökuməti ilə lazımı səviyyədə çalışa bilməyib.
“Türkiyədə də əvvəllər bununla əlaqədar çoxlu problemlər var idi. Lakin biz prezidentlik üsul idarəsinə keçdikdən sonra onlardan qurtulduq və intensiv şəkildə çalışmağa başladıq”,-deyə Türkiyə prezidenti söyləyib.
Öz növbəsində Angela Merkel koalisiya hökumətlərinin Almaniya üçün uyğun olduğunu və ölkəsinin prezident idarə formasına keçməyə hazırlaşmadığını bildirib. Buna cavab olaraq Türkiyə lideri vaxtilə onunla danışıqlarda kanslerin bununla bağlı dəfələrlə şikayətlər etdiyini xatırladıb. “Bu, doğrudur, amma nə edək, həyat belədir”,-deyə Angela Merkel qeyd edib.
Çap