Amerikalı siyasi analitik Maykl Doran Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıla səfəri zamanı Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının yeni bazasında İsrail istehsalı olan “Harop” kamikadze-dronu ilə çəkdirdiyi fotonu şərh edib. Və bu fotonu "İrana düzgün cavab" kimi qiymətləndirərək ABŞ prezidenti Cozef Bayden üçün nümunə adlandırıb.
Maykl Doran özünün Twitter hesabında dövlət başçısının həmin şəklini paylaşaraq yazıb:
“Azərbaycanı niyə sevirəm? İran onu sərhədində qoşun toplayaraq və İsrail ilə hərbi ittifaqı pozmağı tələb edərək hədələyir. Azərbaycan Prezidenti isə İsrail istehsalı olan pilotsuz uçuş aparatı ilə şəkil çəkdirərək cavab verir. İrana bax belə düzgün cavab vermək olar. Burada Baydenin komandası üçün dərs var”.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının silahlanmasında yer alan "Harop" və "Harpy" zərbə dronları ikinci Qarabağ müharibəsi zamanı düşmənin çoxsaylı hərbi texnikasının, müdafiəsinin dərinliklərində yerləşən mövqelərinin və canlı qüvvəsinin məhv edilməsi üçün geniş tətbiq edilib. Bu müharibə zamanı həmin kamikadze-dronlardan düşmənə yüzlərlə zərbə endirilib.
Çap