İranın qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olduğu maşınların sayı məlum olub
Azərbaycan tərəfi bu ilin avqustunda çoxlu sayda İran yük maşınlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına rəsmi Bakının icazəsi olmadan qanunsuz keçdiyi barədə məlumat əldə edib. Caliber.az-a istinadən veririk ki, xəbərə görə, iyulun 11-dən avqustun 8-dək İrana məxsus 35 maşın (4 yük maşını və 31 yanacaq tankeri) Laçın dəhlizindən 70 dəfə girib və çıxıb. Giriş-çıxış tarixləri də məlumdur - 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31 iyul, həmçinin 3, 4, 5, 6, 7 avqust. Bundan sonra, bu il avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Səfirə nota verilib və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə edilib. Rəsmi Bakı həmin vaxt bəyan etdi ki, İranın yeni administrasiyası tərəfindən bu kimi qanunsuz hallara son qoyulması istiqamətində əməli addımların atılacağını gözləyir. Düz bir ay keçdi. İran tərəfi bu kimi hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görübmü? Rəsmi Bakının etirazlarını nəzərə alıbmı? Lazımi yoxlamaları həyata keçiribmi? Qətiyyən!(musavat.com)