Bakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Abbas qısqanclıq zəminində arvadı Fərqanəni öldürməyə cəhd edib.Teleqraf.com-a istinadən xəbər veririk ki, Abbas 2005-ci ildən rəsmi nikah münasibətində olduğu arvadı Fərqanə ilə İmişli rayonunda birgə yaşadıqları müddətdə mütəmadi olaraq spirtli içki qəbul edib, sərxoş vəziyyətdə evə gəlib. Əsas olmadan qısqanclıq zəminində mübahisələr edib, bu səbəbdən Fərqanə 2019-cu ilin oktyabrında müalicə olunduğu İrandan geri qayıtdıqdan sonra ata evinə köçüb.
Abbas münasibətlərinin yenidən bərpa olunmasına və barışmalarına təkidlə cəhd etsə də, Fərqanə birgə yaşamaqdan imtina edərək boşanmaq istəyib.
Abbas Fərqanəni qısqanclıq niyyəti ilə öldürmək qərarına gəlib. O, bıçaq götürərək Fərqanənin atasına məxsus Maştağa qəsəbəsindəki evə gəlib.
Abbas həyətə hasardan tullanıb və evdəki söhbətləri dinləməkdən ötrü dama qalxıb, orada pusquda dayanıb. Bir qədər sonra qəflətən eyvana tullanıb və cibindən bıçağı çıxararaq dəhlizdə dayanmış Fərqanəyə zərbələr vurub.
Fərqanə ailə üzvləri tərəfindən vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
Abbas elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı Fərqanəni öldürmək məqsədi ilə bıçaqlayıb: “Dəfələrlə ondan barışmağı xahiş etsəm də, buna məhəl qoymadı. Mənimlə kobud rəftar etdi. Bu səbəbdən bezərək cinayət törətdim. Fərqanənin pis hərəkətini görməsəm də, onu daim qısqanmışam. Onun mənimlə barışmaq istəməməsi bu hisslərimi daha da qızışdırdı”.
O, həmçinin qayınatasını öldürmək niyyətində olduğunu bildirib, lakin bu fikrindən daşınıb. Abbas törədəcəyi əməli həmin şəxsin onun haqda şayə yayması ilə izah edib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsəd Abbasovun sədrliyi ilə baxılıb. Abbas 12 il müddətinə azadlıqdan məhrum edilib.
Çap