“Dünyanın 110 ölkəsində COVID-19-un mutasiyaya uğrayan yeni ştammı aşkar edilib və artıq bir neçə halda Azərbaycanda da Britaniya ştammı təsdiqlənib”.
Bunu
“Report” açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri
Akif Qurbanov deyib.
O qeyd edib ki, yeni ştammın əsas fərqi daha yoluxucu olmasıdır: “Virusun başqa xüsusiyyətlərində - istər öldürücülük, istərsə də xəstəlik törədici qabiliyyətində elə bir fərq aşkar edilməyib. Mahiyyətcə COVID-19-dur, sadəcə dəyişikliyə uğrayıb”.
TƏBİB rəsmisi bildirib ki, ölkədə istifadə edilən vaksin ştammların törətdiyi xəstəliyi yüksək effektivliyi ilə müalicə edəcək: “Yeni ştammın törətdiyi xəstəliyin əlamətləri əvvəlkilərdən fərqlənmir. Hər kəs bilməlidir ki, virusun törətdiyi xəstəliyin öldürücülük, xəstəliyin ağırlığı nöqteyi-nəzərdən əvvəlki ştammlardan fərqlənmir. Qorunma tədbirlərinə ciddi əməl edilməlidir. İki aydır ölkədə vaksinasiya tədbirlərinə start verilib və yarım milyondan çox insan peyvənd vurdurub, onlarda immunitet yaranıb. Bundan sonra da vaksinasiya işləri davam edəcək. Əgər əhalinin müəyyən bir qismində yaxın müddətdə immunitet yarada bilsək pandemiya bizim üçün əvvəlki kimi təhlükəli olmayacaq”.
A.Qurbanov əlavə edib ki, yeni ştammların törətdiyi xəstəliyin müalicəsi əvvəlki ilə eynidir: “Heç bir dəyişiklik yoxdur. Qorunma tədbirləri də eynidir. Sürətlə yayılmaya görə qorunma tədbirlərinə ciddi yanaşmaq lazımdır. Çünki yoluxma nə qədər sürətlə yayılsa xəstəlik də bir o qədər çox olacaq. Həkimlərin heç bir əlavə təlim keçməsinə ehtiyac yoxdur. Müalicə üsulları eyni olaraq qalır. Əvvəlki virusdan sadəcə daha yoluxucudur. Ona görə də qoyulan qaydalara ciddi əməl etmək lazımdır. Tibbi maskadan istifadə, əl gigiyenası, sosial məsafə, sıxlıq olan yerlərdən uzaq durmaq, lüzumsuz təmaslardan çəkinmək lazımdır. Bizi bir qədər sakitləşdirən bir şey var ki, əhalinin müəyyən qismi peyvənd vasitəsilə immunitet qazanıblar. Bütün insanlara tövsiyə edirəm ki, vaksin vurdursunlar. Çünki peyvənddən başqa qoruyucu vasitəmiz
yoxdur"
(report.az)
Çap