Menu
10 iyl 13:13XƏBƏR LENTİ / Gündəm

Payızda “ikinci dalğa” olacaqmı? - mütəxəssislərdən xəbərdarlıq

Azərbaycanda koronavirus epidemiyasına yoluxanların və ölənlərin sayında azalma müşahidə olunmur. Faktiki olaraq, sərt karantinlə əvvəlki xüsusi karantin rejimi dövründə yoluxmalarda ciddi fərq yoxdur. Üstəlik, həkimlər payız dalğasına hazır olmağa çağırırlar. Halbuki  qonşu Gürcüstanda gündəlik yoluxma 5-6 nəfərdir, Türkiyədə müsbətə doğru ciddi nəticələr əldə olunmağa başlanıb.
Bizdə isə təqribən ölkənin yarısında sərt karantin rejimi tətbiq olunub, iyunun 21-dən iyulun 20-dək bir ay bir çox xidmət sahələrində iş dayanıb, di gəl, yoluxma azalmır ki, azalmır...
Azərbaycanın baş infeksionisti Cəlal İsayevin isə bildirdiyinə görə, ölkədə fövqəladə vəziyyətin elan olunması insanların işini ağırlaşdıra bilər.  Onun fikrincə, hamılıqla sosial izolyasiyaya riayət etsək, tibbi maskanı birmənalı olaraq taxsaq, əlavə tədbirlər görülməsinə ehtiyac qalmaz.  Baş infeksionist hesab edir ki, marketlərdə, banklarda maska tələbi artıb və hər yerdə nəzarət güclənməlidir. “Sosial təcrid əsasdır. Biz karantin qaydalarını daha da sərtləşdirsək, insanlarımız əziyyət çəkərlər. Hər kəs maska taxsın, başqa tədbirlərə ehtiyac qalmaz. Sadəcə, ciddi nəzarət lazımdır və insanlar da bilməlidirlər ki, hər yerə polis qoymaq olmur”, - deyə C.İsayev bildirdi.
Cəlal İsayev: “Ölkə əhalisinin təxminən 2 faizini hepatit B və C ...
Cəlal İsayev
Gürcüstan nümunəsindən danışan baş infeksionist hesab edir ki, onların əhalisi Azərbaycandan azdır: “Gürcüstan fövqəladə vəziyyət elan etdi, amma bu tədbiri daimi saxlaya bilməz. Əgər onlar karantin qaydalarına əməl etməsələr, orada da yoluxmada artım olar. Digər tərəfdən,  əhalimiz onlardan çoxdur. Bakının 3-4 milyon, Tiflisin 1 milyon əhalisi var. Əhali sıxlıq olan yerlərdə virus daha çox yayılır. Bakı da sıxlıqdır, metro bağlanıb, indi də avtobuslarda sərnişin çoxdur”.
C.İsayev qeyd etdi ki, marketə, bazara gedəndə maska taxmayan gənclərə irad tutur: “Gənclərimiz bəzən məsuliyyətsizlik edirlər. Mən gördümsə maska çənəsindədirsə, irad bildirirəm ki, maskanı qaldır. İndi dövlət hər yerdə polis nəzarəti tətbiq edə bilməz. Gərək vətəndaşlar özlərinə qarşı həssas olsunlar. Ümumiyyətlə, maska taxmaq atributa çevrilməlidir. Bu epidemiya gec-tez dayanacaq. Amma biz çalışmalıyıq ki, itkilər artmasın”.
Baş infeksionist payızda gözlənilən ikinci dalğanın təhlükəsindən də danışdı: “Havanın soyuması ilə bağlı virusun qalması təhlükəsi var. 
Digər respirator infeksiyaların, qripin virusa yoluxanları tutması ilə bərabər vəziyyət daha da ağırlaşa bilər".
Yoluxmanı azaltmağın 3 yolu var..." - Ədalət Rüstəm
Ədalət Rüstəm
Koronaviruslu xəstələri müalicə edən həkim Ədalət Rüstəm isə “Yeni Müsavat”a bildirdi ki, həkimlər, tibb işçiləri və texniki yardım işçiləri arasında yoluxma sayı günbəgün artmaqdadır.  Onun sözlərinə görə, onların arasında 20-yə qədər ölüm baş verib: “Bəziləri ev şəraitində müalicə olunurlar. Yoluxmuş və müalicə olunmuş və hazırda müalicəsi davam edən tibb işçilərinin böyük əksəriyyəti peşəkarlardır, özlərini xəstələrinin yolunda fəda edənlərdir. Azərbaycan praktik anesteziologiya və reanimatologiya kimi ən ağır, ən mürəkkəb tibb sahəsinin ”generalı" kimi tanınmış məşhur həkim Cavid Paşayev COVİD-19 xəstəliyinin ağır forması ilə mücadilə edir, ölüm-qalım mübarizəsi aparır".
Ə.Rüstəm qeyd etdi ki, artıq Tibb Universitetinin reanimasiya şöbəsinin 21 işçisi yoluxma səbəbindən elə həmin xəstəxanada müalicə olunur.
“Bu fakt və onu doğuran səbəblər üzərində Operativ Qərargah, Səhiyyə Nazirliyi, TƏBİB tərəfindən tutarlı məlumatlar verilmir. Sual isə konkretdir: nə üçün xüsusi rejimli xəstəxanalarda işləyən tibb və texniki işçilər, həmçinin həkimlər arasında son 1 ayda yoluxma hadisələri kəskin artıb?”
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Çap
Komment Əlavə et