Menu
08 iyl 21:06XƏBƏR LENTİ / Gündəm

“Payızda koronavirusla bağlı vəziyyət ağırlaşacaq”- tanınmış həkim səbəbləri açıqladı

Koronavirusla mübarizdə Azərbaycanda yeni mərhələ başlasa da statistik rəqəmlər heç də ürəkaçan deyil. Bununla yanaşı rəsmilərin payız aylarında vəziyyətin daha da ağırlaşacağını deməsi insanlar arasında gərginliyə, ümidsizliyə səbəb olub.
Operativ Qərargahın mətbuat konfranslarında rəsmilərin “B planı”nın olması haqda səsləndirdiyi fikirlər ictimaiyyətdə müzakirə olunur. Sual edilir ki, vəziyyət ürəkaçan deyilsə, yoluxma və ölüm sayı artırsa, niyə “B planı” icra olunmur? Və payız aylarında vəziyyətin ağırlaşmasının qarşısını almaq mümkün olacaqmı?
Bu suallarla tanınmış həkim Vasif İsmayıla müraciət edilib.
Vasif İsmayıl əvvəlcə koronavirusun payız aylarında daha da yayılacağı, yoluxmanın artacağı proqnozları haqda danışıb.
Onun sözlərinə görə proqnozlar doğrudur və bu vəziyyəti yaradan bir sıra səbəblər var:
“Koronavirus hava damcı yolu ilə yayılan və tənəffüs sistemində problem yaradan bir virusdur. Bu günə qədər mədəni insanlıq tarixi həmişə görüb ki, payızda koronavirusun da bir növünü yaradan zökəm xəstəliyi həmişə artır. Bu, min illərlə belə olub. Bu il də payız aylarında zökəm, koronavirus xəstəliyi artacaq.
Bunun da səbəbləri var. Yay aylarında, insanların immunitetinin gücləndiyi bir vaxtda onları evə bağlamışıq. Günəşə çıxmağa, küçədə gəzməyə qoymuruq. Bu da insanların immun sisteminin gücləndirilməsi üçün etməli olduğu hərəkətlərin qarşısını alır. Bunun nəticəsində də payızda koronavirusla bağlı vəziyyət daha da ağırlaşacaq. Bu, təkcə Azərbaycanda yox, bütün dünyada belə olacaq”.
Vasif İsmayıl rəsmilərin “B planı var” fikirlərinə də münasibət bildirib: “Azərbaycanda koronavirus pandemiyasını idarə edən yeganə qurum TƏBİB deyil. Bu qurum Operativ Qərargahdır. TƏBİB Operativ Qərargahın bir parçası, tibbi üzüdür.  Bu gün TƏBİB-in səhiyyə ilə bağlı təkliflərini nəzərə almaq lazımdır. Başa düşdüyüm qədər deyilən "B planı" Operativ Qərargahın planıdır. Operativ Qərargahın isə əlavə planının nə olduğunu bilmirəm. Çünki onlar həm səhiyyə, həm də administrativ qaydaların gətirilməsini irəli sürürlər. Amma tibbi cəhətdən "B planı" nə ola bilər?
Hazırda Azərbaycan səhiyyəsinin koronavirusla mübarizdə ayıracağı yataq sayı və görəcəyi işlər maksimum həddədir. Azərbaycan səhiyyəsinin bundan artıq edə biləcəyi bir işin olduğunu düşünmürəm. Hazırda Azərbaycandakı problemin səhiyyənin yox, ümumi sistemin problemi olduğunu düşünürəm.
Çünki pandemiya məsələsi ilə mübarizə aparan təkcə həkimlər deyil. Həkimlər ön cəbhədədir. Müharibəni isə həll edən ön cəbhə deyil. Arxa cəbhə var, cəmiyyət var və bir çox tərəflər var. İndi insanlar bütün günahı ön cəbhənin üzərinə yıxaraq onların səhv etdikləri haqda danışırlar. Amma biz generallar, qərargah haqda danışmırıq, onlara sual ünvanlamırıq. Yaranmış vəziyyətdə hər kəsin günahı var. Azərbaycan cəmiyyətinin, insanların, dövlət qurumlarının və rəsmilərin...”(musavat.com)
Çap
Komment Əlavə et