Menu
02 dek 21:38---

Şəhid ailələri və qazilərin kredit borcları ilə bağlı bəyanat

Son dövrlər bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer almaqdadır.
Bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin yaydığı bəyanatda bildirilib.
"ABA olaraq bir daha bəyan edirik ki, ölkə prezidentinin tapşırıqları və Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər.
- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
- Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
- Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;
- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;
- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.
Assosiasiyaya üzv banklar qəbul edilmiş qərarı tam şəkildə icra etməkdədir. Cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara banklar malik olmurlar. Buna görə də, bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər.
Hazırda əsassız, ictimaiyyətdə yalnış fikir formalaşdıra biləcək məlumatların xəbər reytinqi, baxış sayı məqsədilə yayılmasının ümumi işimizə və qarşıya qoyduğumuz məqsədlərə uyğun olmadığını və belə hallardan çəkinməyin məqsədəuyğun olduğunu hesab edirik.
Azərbaycan bank icması hər zaman olduğu kimi ölkə prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklər", - deyə bəyanatda qeyd olunub.(musavat.com)
Çap
Komment Əlavə et