Menu
10 may 17:00XƏBƏR LENTİ / Hadisə

DTX-nin həbs etdiyi rəisin inanılmaz korrupsiya əməlləri

Bir neçə gün əvvəl həbs olunan və vəzifəsindən kənarlaşdırılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun törətdiyi əməllərin bir hissəsinin təfərrüatı məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Z.Sultanov nazirliyin həyata keçirdiyi tikinti işlərinə nəzarət edərkən dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməkdə ittiham olunur.
Məlumata görə, Z.Sultanov bir sıra tikinti sifarişlərini yaxın adamlarına tapşıraraq onlardan “şapka” alıb. Z.Sultanov özünü təqsirli bilərək qeyd edilən pulları aldığını etiraf edib.
İddiaya görə, Zakir Sultanov Mədəniyyət nazirliyinin saytının yenidən hazırlanması və reklam olunması üçün bir şirkətlə təxminən 20 min manatlıq müqavilə imzalayıb. Z.Sultanov şirkət rəhbərindən həmin pulun 1000 manatını geri alaraq mənimsəyib.
Bundan başqa, Bozarqanlı adına Aşıq Sənət Muzeyinin tikintisinə 5,8 milyon manat ayrılıb. Z.Sultanov tikintini həyata keçirəcək şəxsdən 100 min manatdan çox “şapka” alaraq mənimsəyib.
Tovuz rayon Mədəniyyət Evinin yenidən tikintisinə ayrılan 5,4 milyon manatdan isə Z.Sultanova 50 min manata yaxın “pay” verilib.
Z.Sultanovun “şapka” kimi aldığı ən böyük məbləğ isə İrəvan Dram Teatrının tikintisinə ayrılan puldan olub. Dövlət büdcəsindən bu iş üçün ayrılan 11 milyon manatdan 200 min manatı tikintini həyata keçirən şirkət tərəfindən Zakir Sultanova qaytarılıb.
Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələr üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Çap
Komment Əlavə et