Menu
11 yan 01:57XƏBƏR LENTİ / Hadisə

Professor Qasımovun oğlu cinayətini qismən etiraf etdi: "Pul almışam, peşmanam"

Bakı Dövlət Universitetinin mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımovun oğlu Azər Qasımov növbəti dəfə hakim qarşısına çıxarılıb. O, dələduzluqda və rüşvət verməyə təhrik etməkdə ittiham edilir.
Azər Qasımovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılır.
Sonuncu məhkəmə iclasında şahid qismində Fazil İsmayılov ifadə verib.
Fazil İsmayılov bu işdə zərərçəkmiş kimi tanınan Fatimə İsmayılovanın qaynıdır. Bu işdə adı keçən əsas şəxslərdən biri də Fazil İsmayılovdur.
Belə ki, Azər Qasımovu Fatimə İsmayılova ilə məhz Fazil tanış edib.
Fazillə Azərin tanışlığı daha əvvəldən olub. Azər Qasımov Fazilin yaşadığı məhəllənin sahə müvəkkili olub.
Fazil İsmayılov ifadəsində deyib ki, qardaşının oğlu həbs edildiyi üçün Azərlə danışıb və ondan kömək istəyib. Azər də bu işi həll edəcəyini deyib və razılaşıblar.
Suallara cavab verən Fazil İsmayılov deyib ki, qardaşıgilin Azərə verdiyi 4500 manatı özü alıb: "Qardaşım evdə mənə verdi. Mən də gətirib Azərə verdim. Qalan məbləğləri bilmirəm".
Məlum olub ki, bu hadisədən sonra Fazil İsmayılov qardaşı ilə danışmır. Səbəb də Azəri onlarla tanış etməsi, bu cür problemlərin yaranmasıdır.
Daha sonra məhkəmədə hakim təqsirləndirilən Azər Qasımova sərbəst ifadə verməyi təklif edib.
Azər Qasımov sərbəst ifadəsində bunları deyib: "Mən bu işdə Fazili tanımışam. Fazil də mənim sahə müvəkkili olduğum ərazidə qalırdı. Həm də nazirlikdə bir müddət mülki sürücü işləyib. Bir gün Fazillə görüşəndə mənə dedi ki, qardaşının oğlunu tutublar. Xahiş etdi ki, 21-ci polis bölməsinə birlikdə gedək. Mən də ona görə getdim. Bölmənin qarşısına çatanda mən maşında gözlədim. Fazil özü düşüb qardaşıgillə danışmağa başladı. Münasibətləri elə də yaxşı deyildi. Sadəcə Fazil daha əvvəl nazirlikdə işlədiyi üçün əlaqələrinin olduğunu düşünərək onu çağırmışdılar.
Fazil mənim yanıma qayıdandan sonra xahiş elədi ki, axşam qardaşıgilə gedək. Dedi ki, onlara məsləhət verək, kömək edək. Biz ora getdik və danışdıq. Mən heç kimə rüşvət verməyə görə pul almamışam. Pul aldığımı etiraf edirəm. Mən deməmişəm ki, pulu alıb hansısa vəzifəli şəxsə verəcəyəm. Deyildiyi qədər də pul alınmayıb. 19500 manat alınıb, amma ittiham da 25 min yazılıb.
Fazil burada danışdı. Mən ona çox söz deyəcəkdim. Amma ehtiyac görmədim. Çünki faydası yoxdur. Fazil özü qardaşından 4500 alıb. Mənə dedi ki, pulun məndə olduğunu deyim. Mən də Fatimə xanıma pulun məndə olduğunu yalandan dedim. Mən etiraf edirəm. Səhv etmişəm və əməlimdən peşmanam"
Məhkəmə araşdırması davam etdirilir.
İttihamda yazılır ki, Azər Qasımov Fatimə İsmayılovanın həbsdə olan oğlu Vüqarın işini həll etməyi, onu azadlığa çıxarmağı vəd edib. Bu məqsədlə ondan ayrı-ayrı vaxtlarda, müxtəlif məbləğlərdə pul alıb.
Məhkəmə prosesində məlum olub ki, Fatimə İsmayılovanın oğlu azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilib. Ana oğlunun şərləndiyini və onun günahsız olduğunu deyib. Bildirib ki, oğlunu azadlığa çıxarmaq üçün Azərin dedikləri ilə razılaşıb.
İşin maraqlı tərəfi budur ki, Azər Fatimə İsmayılovanı inandırıb ki, oğlunu şərləyənləri ifşa edəcək. Belə ki, Azər Fatimə İsmayılovanın oğlu Vüqarın işindəki zərərçəkmiş qızın yalan danışdığını ekspertizada xüsusi cihaz vasitəsi ilə sübut edəcəkmiş...
İsmayılova deyir ki, Vüqara 12 il həbs cəzası veriləndən sonra aldadıldıqlarını başa düşüblər. Bundan sonra Azər Qasımovdan hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Məhkəmədə ifadə verən Fatimə İsmayılova demişdi ki, Azər Qasımova oğlunun həbsdən buraxılmasından ötrü bir neçə dəfəyə ümumilikdə 25 min manat pul verib:
"Azər müəllim qaynımın qonşusudur. Deyirdi ki, lazım olan yerlərdə tanışları var, bizə kömək edəcək. Bir oğlum var, onu şərləmişdilər, nə desəydi, razılaşırdım. Konkret nə vaxt, nədən ötrü və nə qədər pul verdiyimi xatırlamıram".
Amma hakim xatırladıb ki, Fatimə İsmayılova istintaqda bu haqda kifayət qədər ətraflı danışıb.
F.İsmayılova istintaqda bunları deyib: "Azər birinci dəfə Vüqar yeni həbs olunan vaxtda polis idarəsinə onu çəkmək üçün telekanalların gəldiyi ni dedi. Bunun qarşısını almaqdan ötrü müstəntiqə 1000 manat verilməli olduğunu bildirdi. Mən onda 600 manat verdim. Sonra Maştağadakı psixiatriya klinikasından rəy almaq üçün 2300, ekspertizanın onun xeyrinə rəy verməsindən ötrü 5000 manat pul aldı. Bir müddət sonra təkrar ekspertiza adıyla 4500 manat da verdim. Sonra dedi ki, artıq istintaqı Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır. Bu idarənin müstəntiqinə 10 min manat vermək lazımdır. Mən çətinliklə 9600 manat düzəltdim. Dedi ki, 9500-nü verdim, üstündən 100 manat özüm borc götürdüm. 500 manat idarəyə borclu qaldıq. Sonradan bildik ki, iş heç vaxt o idarəyə getməyib. Az sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə gəldi. Onda da dedi ki, məhkəmənin təkrar ekspertiza təyin etməsi üçün 5000 manat lazımdı. O qədər düzəldə bilmədik, 3800 manat verdik".
Suallara cavab verən F.İsmayılova deyib ki, bu məbləğləri banklardan götürülən kreditlərlə, qohumlarının qızıllarını girov qoymaqla lombarddan götürülən pullar hesabına düzəldib.
Fatimə İsmayılovanın dediyindən məlum olub ki, Azər Qasımov onları aldatmaq, yalanlara inandırmaq üçün müxtəlif üsullardan istifadə edib. Belə ki, Azər müxtəlif dövlət orqanlarının, ekspertiza idarələrinin binalarına gedərkən özü ilə İsmayılovları da aparıb. Orada onları gözlədərək həmin idarələrə daxil olub və inandırmağa çalışıb ki, vəzifəli şəxslərlə əlaqələri var.
Qeyd edək ki, A.Qasımov Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 32.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə ittiham edilir.
Azər həbs edilən zaman Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə müvəkkili olub. Onun əməlləri barədə DİN rəhbərliyinə məlumat verilib və o, işdən azad edilib.(musavat.com)
Çap
Komment Əlavə et