Bakıda diş həkimini şantaj etməkdə təqsirli bilinən 5 nəfər hakim qarşısına çıxarılıb. Onlardan biri sayt rəhbəridir.Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Əliyev, Əlizamin Əsgərov, Elnaz Mirzəyeva, Humay Əhmədova və Rizvan Şahmuradovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ilk olaraq zərərçəkmiş qismində tanınan İsmayıl Məmmədli ifadə verib.
Məlum olub ki, İsmayıl Məmmədli yaşadığı ərazidə diş həkimi kimi fəaliyyət göstərib. Məhkəmədə o da aydın olub ki, onun heç bir ali təhsili yoxdur. İşin təfərrüatına gəlincə isə məlum olub ki, İsmayıl Məmmədli işlədiyi ofisə gələn Humay adlı qadınla münasibətdə olub. İsmayıl Məmmədli deyir ki, bu münasibət qarşılıqlı istəklə olub.
Lakin iş elə gətirib ki, sonradan İsmayıl Məmmədlidən bu hadisəni həmin qadının ailəsindən gizlətmək üçün 5 min manat tələb ediblər. Bu işdə əsas liderinfo.az saytının baş redaktoru Xəqani Əliyevin adı keçir.
Qeyd edək ki, bu cinayət işində təqsirli bilinən 5 nəfərdən yalnız ikisi həbsdədir. Onlar Xəqani Əliyev və Rizvan Şahmuradovdur.
Zərərçəkmiş İsmayıl Məmmədli deyib ki, Humay adlı qadın onun yanına gələrək uşağının dişini müalicə etdirmək istəyib. Həmin ərəfədə qadınla münasibəti yaranıb. Bu münasibət bir müddət davam edib.
İ.Məmmədli deyib ki, sonradan Humayın qohumları onun yanına gələrək qadını zorladığını deyiblər. Bu söhbətdən bir neçə gün sonra isə sayt redaktoru Xəqani Əliyev ona zəng edib: "Mənə zəng edib dedi ki, səndən şikayət var. Bu məsələ ictimailəşsə, heç də yaxşı olmayacaq. Bildirdi ki, bu işi həll etmək üçün qadın və ailəsinə pul vermək lazımdır. Biz onunla bir neçə dəfə görüşdük. Daha sonra mən polisə şikayət etdim. Polisdən dedilər ki, ona pul verməyə razılaş, pulu verəndə onu həbs edək. Mən də razılaşdım. Amma həmin gün mən pulu Xəqaniyə verəndə arxadan bizi izləyən polislər onu tutmadı. Bildirdilər ki, pul Xəqaninin əlinə dəymədiyi üçün onu saxlaya bilməyiblər. Həmin pulun 300 manatı mənim idi. Qalanını isə mənə polislər vermişdi. Cəmi 2 min manat idi. Sonra polislər mənə verdikləri 1300 manatı istədilər. Mən də verdim. Bundan sonra mən Baş Prokurorluğa müraciət etdim. Bununla da işin üstü açıldı".
Məhkəmədə təqsirləndirilən şəxslərdən və hazırda ev dustaqlığında olan Elnaz Mirzəyeva da ifadə verib. O, deyib ki, təqsirləndirilən şəxslərdən Əlizamin onun qardaşı, Humay isə dayısının qızıdır. Onun sözlərinə görə, Humay onlarda olanda uşağının dişinin ağrıması səbəbilə ilə İsmayılın yanına gedib. Humay gələndən sonra həkimin onu zorladığını deyib.
"Rizvan da qardaşım Əlizaminin iş yoldaşı idi. Xəqanini də jurnalist kimi tanımışıq. O, mənim adımdan şikayət ərizəsi yazdırdı ki, Humay zorlanıb. Bunu videoya da çəkib. Biz Xəqaninin təzyiqi ilə İsmayıldan şikayət etmişik" - deyə təqsirləndirilən şəxs bildirib.
Məhkəmədə təqsirləndirilən şəxslərdən Əlizamin də ifadə verib: "Dayımın qızı Humayın həkim tərəfindən zorlandığını eşitdim. Həkimin yanına gedib, bu barədə soruşdum. Həkim dedi ki, Humayı tanımır".
Rizvan Şahmuradov isə ifadəsində deyib ki, qohumunun zorlandığını eşidəndə Xəqaniyə deyib və ondan kömək istəyib: "Xəqani məsləhət gördü ki, işi ictimailəşdirək. Şikayət etdik. Həm videoya çəkdi, həm də ərizə yazdırdı".
Maraqlıdır ki, bu işdə həbs edilənlərdən dörd nəfər günahı Xəqani Əliyevdə görür. Deyirlər ki, həkimi şantaj etməyi və pul almağı onlara Xəqani deyib.
Məhkəmədə ifadə Xəqani Əliyev isə deyilənlərlə razılaşmır. O, heç kimi şantaj etmədiyini və digər şəxslərin ona qarşı ifadə verməsi ilə həbs edildiyini deyib: "Rizvan mənim evimdə fəhlə işləyib. Buna görə onu tanımışam. Hətta evimdə işlədiyi müddətdə özü ilə birlikdə gətirdiyi şəxslə mənə pul "atdılar". Təmir işi görmək adı ilə pul almışdılar. Elə bu söhbətə görə onunla tez-tez zəngləşirdim. Bir gün zəng edəndə probleminin olduğunu dedi. Görüşüb, bu haqda mənə danışdı. Mən də məsləhət gördüm ki, şikayət etsinlər, ictimailəşdirək. Mən jurnalistəm, fəaliyyətim də qanunidir. Saytım Ədliyyə Nazirliyindən, Mətbuat Şurasından qeydiyyatdan keçib. Ofisim Azərbaycan Nəşriyyatındadır. Mən bu adamların evinə getdim. Hadisə necə olubsa, danışdılar. Həm yazılı şikayətlərini aldım, həm də bunların danışdığını kamera ilə çəkdim. Onlara dedim ki, həkimdən 5 min alıb, sizə verəcəm. Sonra qarşı tərəfin mövqeyini öyrənmək üçün İsmayıla zəng elədim və onunla görüşdük. Görüş mənim ofisimdə olub. Bütün danışıqlar kamerada var. Mən onları məhkəməyə təqdim edəcəm. İsmayıla dedim ki, əgər məsələ ictimailəşsə, sənin üçün çətin olacaq. Ona dedim ki, vəkil tutaq, işi həll edək. Ya da ki, həmin ailəyə pul versin. Mən özüm üçün heç nə almamışam. Kamera görüntüləri və telefon danışıqları hər şeyi sübut edir. Hamısını məhkəməyə təqdim edəcəm".
Məhkəmədə məlum olub ki, Xəqani Əliyev daha əvvəl quldurluğa görə məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, paytaxt ərazisində qabaqcadan əlbir olan dəstə üzvləri İ.Məmmədli adlı şəxsi qrup üzvü olan qadınlardan biri ilə görüşdürdükdən sonra onu şantaj etməyə başlayıblar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa hədə-qorxu gələrək, pul tələb edən dəstənin üzvləri Əliyev Xəqani Sabir oğlu, Əsgərov Əlizamin Şəmsəddin oğlu, Mirzəyeva Elnaz Şəmsəddin qızı, Əhmədova Humay Eldar qızı və Şahmuradov Rizvan Bəxtiyar oğlu saxlanılaraq, məsuliyyətə cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(musavat.com)
Çap