Ötən ilin sonunda kapitan Rövşən Abdullayevə, baş mexanik Mikayıl Mikayılova, kapitan köməkçiləri Arif Əsgərova və Fərəc Əliyevə Afrika sahillərində balıqçı gəmisində işləmək təklif edildi. Aylıq maaş və üzmə rayonu barədə dəqiq məlumat aldıqdan sonra dənizçilər arada vasitəçilik edən şəxslərə razılıqlarını bildirdilər.İstanbul reysinə elektron biletlər onlara telefonla göndərildi. Kapitanı və başının dəstəsini hava limanında qarşılayıb, Aksarayda “Ümit 2” otelində yerləşdirdilər. Burada onlar balıqçılıq şirkətinin Rasim Əliyev, Yüksel Vedat və Raqib Karadeniz adlı üç nümayəndəsi ilə görüşüb, işi necə təşkil etmək barədə təlimat aldılar. Kapitana “AKTAŞLAR-C” gəmisində üzəcəkləri deyildi. Bu, uzun müddət Egey dənizində, beynəlxalq sularda balıq ovlamış, 2017-ci ildə yunanlar tərəfindən saxlanıldıqdan sonra isə məşhurlaşmış bir gəmi idi. Onun başlıqda gördüyünüz şəkli də məhz həmin vaxt qəzet-jurnalların səhifələrindən düşmürdü.
Azərbaycanlı dənizçilərə “AKTAŞLAR-C”nin tam saz vəziyyətdə olduğuna zəmanət verildi. Rövşən Abdullayev və Mikayıl Mikayılov təhvil-təslim işlərini həyata keçirmək üçün yanvarın 7-də gəminin keçmiş kapitanı Hamza bəylə birlikdə Mavritaniyanın paytaxtı Nuakşot şəhərinə uçdular. Uçuşdan əvvəl kapitan Abdullayevə 250 dollar viza pulu, gəminin icarəyə götürülməsi haqqında fransız dilinə tərcümə edilmiş müqavilə verildi. Bildirildi ki, idi, 5 gündən sonra Nuakşota gələcək Arif Əsgərov və Fərəc Əliyevlə də 10-20 min dollar arası zəruri xərclik göndəriləcək. Əmək müqavilələri isə gəmi təhvil alınan kimi, yerində şirkətin agenti tərəfindən təqdim olunacaq. Eyni zamanda, müqavilə müddəti başa çatana qədər fəaliyyəti Rasim Əliyevin göstərişləri əsasında qurmaq və bütün məsələləri onunla razılaşdırmaq taşırıldı.
Dənizçilər Nuakşot hava limanından birbaşa Nuadibu şəhərinə, “Meimouna” otelinə yolandılar. Problemlər buradan başladı. Oteldə onları qarşılayan Bilali soyadlı agent heç bir Rasim-Yüksəl tanımadığını və “AKTAŞLAR-C “ gəmisinə özünün cavabdeh təyin olunduğunu söylədi. Kapitan Abdullayev İstanbulla əlaqə saxlayıb anlaşılmazlıq barədə məlumat verdi, bir daha əmək müqavilələrinin kiminlə imzalanacağını, gəminin fəaliyyətinə kim tərəfindən rəhbərlik ediləcəyini soruşdu. Oradan: “Gözləyin, araşdıracağıq” cavabı aldı.
Yanvarın 11-də gəmiyə ilk baxış keçirildi. Burada aydın oldu ki, “AKTAŞLAR-C“ işlək vəziyyətdə deyil, baş mühərriklərdə ciddi problemlər var, dizel generatoru işləmir, yanacaq və şirin su almaq lazımdır, məişət şəraiti bərbad haldadır. Ayın 13-də Nuadibuya çatan Arif Əsgərovla Fərəc Əliyev isə özləri ilə 10-20 min əvəzinə cəmi 360 dollar gətirdilər. Pul yanacağa ancaq çatardı…
Həmin gündən dörd Azərbaycan dənizçisi Afrikanın Atlantik sahilindəki liman şəhərində talelərinin necə həll olunacağını gözləyirlər. Gəmini öz güclərinə təmir etmək cəhdi alınmayandan sonra, xüsusilə də koronavirus pandemiyası dünyanı bürüyəndən bəri onlar mehmanxanadan ancaq yaxınlıqdakı türk kafesinə yemək üçün çıxırlar.
– Əvvəl İstanbulda bizi bu işə cəlb edənlər hər zəngimizə: “Narahat olmayın, hər şey düzələcək, orada qalın, borclarınız ödəniləcək” deyirdilər”, – kapitan düşdükləri çıxılmaz vəziyyəti izah edir. “Yaşlı vaxtımızda ailəmizə çörək qazanmağa gəlmişdik, özümüz nisyə yaşayırıq. Yemək yediyimiz kafenin və qaldığımız otelin sahibləri üzümüzə hər sözü deyirlər, hədələyirlər. Amma burada olduğumuz müddətdə İstanbuldan üç dəfə az miqdarda pul göndəriblər. Son dəfə isə martın 7-də “Meimouna “ otelinə yığılan borcu ödədilər, 2-3 günə yemək borcunu da ödəyəcəklərini, hətta əlavə bizə 4000-5000 dollar, ailələrimizə avans göndərəcəklərini vəd etdilər. Mavritaniyaya gəldiyimiz gündən Rasim bəydən də, Yılmaz bəydən də ya bizi gəmidə işlə təmin etməyi, ya da biletimizi alıb, geri qaytarmağı xahiş edirik. Yaşadığımız stress, maddi-mənəvi üzüntülər, günlərlə ac qalmağımız və təzyiqlərlə üzləşməyimiz bizi yorub. Martın 23-dək “yarın-yarın” deyən Vedat Yüksel o gündən telefonunu qapadıb. Rasim Əliyev də məsul şəxslərdən heç kimi tapa bilmədiyini və daha pul göndərmək imkanı olmadığını çatdırıb. Hazırda qaldığımız otelin sahibi də yığılan borca görə pasportlarımızı əlimizdən alıb. İndi istəyimiz bircə şey bu kölə vəziyyətindən qurtarmaq, Vətənə, ailələrimizin yanına qayıtmaqdır”.
Aprelin 13-də Mavritaniyada oteldə girov qalmış 4 Azərbaycan vətəndaşı son ümid olaraq ölkəmizin Mərakeş Krallığındakı səfiri cənab Oqtay Qurbanova müraciət ediblər. Biz onlarla dünən gecə əlaqə saxladıq. Dənizçilər hələ də kiçik otel otağına sığınıb cavab gözləyirlər, media vasitəsilə Vətəndən yardım istəyirlər. Vəziyyətdən agah olan “Azərbaycan Dənizçilər” İctimai Birliyi həmkarlarını xilas etmək üçün cəmiyyətə çağırış edib. İnanırıq ki, dövlət vətəndaşlarının xilası barədə çağırışa birinci cavab verəcək.
Arif Əliyev,pressklub.az Afrikada girov qalan dənizçilər
Çap