Əvvəlki illərdə olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığı “Qurban əti istifadəsi” layihəsi çərçivəsində Azərbaycana Həcc mövsümündə qurban kəsilmiş 5 min xırdabuynuzlu heyvan cəmdəyindən (60 min kq) ibarət yardım göndərib.Bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi məlumat yayıb. İslam İnkişaf Bankının xətti ilə çatdırılan bu yardım Biləsuvar, Cəbrayıl və Beyləqan rayonları ərazisində məskunlaşmış məcburi köçkünlərə paylanılması üçün fevralın 22-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilib.
Bu cür layihələr Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində yaşayan qaçqın və ehtiyacı olan insanlara təmənnasız yardımı çərçivəsində həyata keçirilir. Krallıq dünyanın ən böyük donor ölkələrindən və beynəlxalq inkişafın əsas tərəfdaşlarından biri hesab olunur. Belə ki, BMT-nin Maliyyə İzləmə Xidmətinin keçən ay yaydığı hesabata görə, humanitar yardım göstərmək sahəsində Səudiyyə Ərəbistanı Krallığı ərəb ölkələri arasında birinci, dünyada isə beşinci yerdədir. Krallığın göstərdiyi yardımların məbləği 1 milyard 281 milyon ABŞ dolları təşkil edib ki, bu da dünya üzrə humanitar yardımlara ödənilən ümumi vəsaitlərin 5,5 faiz nisbətindədir. Ümumiyyətlə, Krallıq dünya üzrə humanitar xidmət sahəsində böyük təcrübəyə və keçmişə malikdir. Məhz buna görədir ki, ona “Humanizm Krallığı” adı verilib. Onun adı həmişə xeyrə, sülhə, səxavət və humanizmə səsləyən işlərlə yanaşı çəkilir.(axar.az)
Çap