“İnsan beyninin yeməkdən doyduğunu xəbər edən hissənin zədələnməsi üçün cəmi bir həftə qeyri-sağlam qida qəbul etmək kifayət edir. Avstraliyada keçirilən araşdırma zamanı bir həftə içində böyük həcmdə, həm də olduqca yağlı fast-fud və süd kokteylləri qəbul edən iştirakçılar üzərində aparılan tədqiqatların nəticələri bunu göstərir.Bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti xüsusi məqalə yazıb.
Yazıda beyində hippokamp deyilən bölgənin zərər gördüyünün aşkarlandığı qeyd olunub. Adətən hippokamp doyduqdan sonra xörəyin necə dadlı olduğu barədə yaddaşı silərək bizi artıq qida qəbul etməkdən dayandırır. Araşdırmalara görə hippokampın funksiyası zəiflədiyi zaman yeməklərin tamı ilə bağlı yaddaş daha da qüvvətlənir və bizlər tort parçası, şokolad və ya çips yeməkdən özümüzü saxlaya bilmirik. Bu kəşf əslində insanların aclıq üçün deyil, dadın verdiyi iştah və onun beyində basdırılmaması səbəbindən tez-tez peçenye yemək vərdişini izah edir.
Avstraliyanın Makkuori universitetindən professor Riçard Stivenson qeyri-sağlam qidanın beynin özününəzarət qabliyyətini azaltdığını və bir çox arzuları, iştahı artırdığını təsdiqləyib. O, bunun üçün 110 tələbənin iştirakı lə xüsusi eksperiment keçirdiklərini açıqlayıb. Onlar iki qrupa bölünüblər. Birinci qrup bir həftə ərzində əsl qərbsayağı tərzdə, yəni sendviçlər, xüsusi dadlandırıcılarla zənginləşdirilmiş qidalar və süd kokteyllərini qəbul edib. Daha sonra onların yemək rasiyonuna vafli və populyar restoranlardan gətirilən desert və içkilər əlavə edilib. Üstəlik bunları almaq üçün tələbələrə pul da verilib. Qalan qrup isə az yağlı yeməklərlə kifayətlənib və nəzarətçi rolunu oynayıb.
Həkimlər həmçinin qeyri-sağlam qidalanmanın Alsheymer xəstələyi riskini də yüksəltdiyini müəyyən ediblər.(musavat.com)
Çap