Menu
05 sen 00:03XƏBƏR LENTİ / Hadisə

Azərbaycanda kişi sevgilisinin xəyanətindən şübhələnərək onu öldürdü

Hacıqabul rayonunda xalası qızını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Ayəddin İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, o, sevgi münasibətində olduğu xalası qızı Rəvanə Məliklinin gizli olaraq başqa şəxslə telefonla danışıb, ona xəyanət etməsindən şübhələnib.
Bu səbəbdən Rəvanə ilə mübahisə edib, sonra xalası qızının xəyanət etməsini qətiləşdirib, onu öldürmək qərarına gəlib.
Bu məqsədlə Ayəddin İsmayılzadə 23 iyun 2018-ci il tarixdə, saat 23.50-də Rəvanənin müvəqqəti yaşadığı, nənəsi Nazilə Salayevaya məxsus olan Hacıqabul rayonun Muğan qəsəbəsində yerləşən evinə gəlib. O, evin yataq otağında Rəvanə ilə söhbət edərkən onu öldürmək niyyətini həyata keçirmək istəyib.
Qəflətən Rəvanənin boğazından tutaraq boğmağa başlayıb. Rəvanənin müqavimətini qırandan sonra özündə olan bıçaqla boğaz nahiyəsini kəsərək, onu qətlə yetirib.
Sevgilisini nənəsinin evində öldürən Ayəddin İsmayılzadə daha sonra evdən çıxıb və birbaşa Hacıqabul rayon polis şöbəsinə gəlib. O, törətdiyi cinayəti etiraf edib.
İstintaq orqanı tərəfindən Ayəddin İsmayılzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayəddin İsmayılzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi, atası Məlikağa Məlikov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını istəyib.
O, apelyasiya şikayəti onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin hökmü cəzanın yüngüllüyünə görə qanunsuzdur: “Törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik və ağırlıq dərəcəsi təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza verilməsini şərtləndirir. İşin hallarından göründüyü kimi, Ayəddin İsmayılzadə mərhum Rəvanə Məliklinin ölməmiş vəziyyətdə başını kəsib. Bu cinayət əməli insanlığa sığmayan bir vəhşilikdir. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmayıb”.
Ayəddin İsmayılzadə də hökmdən narazı qalıb və apelyasiya şikayəti verib. O, barəsində aşağı həddə cəza təyin olunmasını xahiş edib.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Tərəflərin şikayəti təmin olunmayıb.
Çap
Komment Əlavə et