"Təbii fəlakət zonaları arasında yenə də Zəngilanın ərazisindən keçən Oxçuçay çayının taleyini biz əfsuslar olsun ki, ürək ağrısı ilə dilə gətiririk. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Əfsuslar olsun ki, bir xarici şirkət də bu ekoloji terrorun ermənilərlə birlikdə müəllifi olmuşdur".
Bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Oxçuçayın sarı rəngə boyanması artıq mətbuatda dəfələrlə dərc edilib, həm foto, həm videogörüntülər var: "Yəni, Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Bu, cinayətdir, bu, ekoloji terrordur. Bunu kim edib? Ermənistanın keçmiş rəhbərliyi. Çünki həmin o mis kombinatının səhmdarları Ermənistanın keçmiş rəhbərliyinə yaxın olan və qohumluq əlaqələri olan adamlardır. Biz bilirik ki, bu mis kombinatının işlənilməsi korrupsiya sxemləri əsasında olub. Təəssüf ki, beynəlxalq auditə subyekt olan xarici şirkət də bu korrupsiya əməllərində iştirak edib".
"Ermənistan rəhbərliyinə gəldikdə, onların hər bir addımı, hər bir hərəkəti biabırçılıq olub. Amma beynəlxalq auditlə işləyən beynəlxalq şirkət bu çirkin əməllərə əl atırsa, burada həmin o şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının işi olmalıdır. Biz bir neçə dəfə o şirkətin adını çəkmişik, bu gün də çəkə bilərəm: “Cronimet” şirkəti. Nə üçün bu günə qədər reaksiya verilmir? Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları bu şirkətin əməllərini araşdırmır? Biz axı, rəsmən müraciət etmişik. Həm də həmin “Cronimet” şirkətinə müraciət etmişik: gəlin, təmizləyin bu ekoloji terrorun fəsadlarını. Cavab yoxdur. Hüquq-mühafizə orqanlarından cavab yoxdur. Axı, biz bilirik ki, Avropada ekologiyaya nə qədər böyük diqqət göstərilir. Biz bilirik ki, havanın yarım dərəcə istiləşməsi indi bütün dünya, Avropa üçün böyük problem kimi qəbul edilir. İqlim dəyişikliyi problemi bu gün dünya gündəliyinin diqqətini cəlb edib. Amma burada açıq-aşkar görünür ki, təmiz qaynaqlardan axan çay sarı rəngə boyanır. Yəni, oradan götürülən nümunələr, o cümlədən işğal dövründə götürülən nümunələr bunu göstərir. Birinci olaraq erməni ekoloqları bu məsələni qaldırmışdılar. Onlar qeyd edirdilər ki, burada təbii fəlakət baş verir. Əlbəttə ki, onlar Azərbaycana, necə deyərlər, xoş münasibət göstərən adamlar deyildilər, onlar hesab edirdilər ki, bu torpaqlar Ermənistanın əlində əbədi olacaq. Ona görə məsələ qaldırmışdılar və əvvəlki rəhbərliyi, kriminal xunta rejimini - Serjik Sarkisyanı və onun qohumlarını ittiham etmişdilər. Onların da əlində sübutlar var. Amma bir addım atıldı? Yox.
Ona görə bu məsələni də indi bizim mərkəzi icra orqanları qaldırıblar və məşğul olurlar. Əlbəttə ki, siz mənim nümayəndəm kimi bütün bu məsələləri daha dərindən təhlil etməlisiniz və vurulmuş ziyanın ödənilməsi, məhkəmə və hüquq iddialarının qaldırılması ilə bağlı öz töhfənizi verməlisiniz. Əlbəttə, bu, əsas məsələlərdir, bu, ilkin mərhələdə görüləcək işlərdir, o cümlədən minatəmizləmə işləri. İndi bizim müvafiq qurumlarımız bu işlə məşğul olurlar. Əlbəttə ki, mənim yerlərdəki nümayəndələrim də burada fəal iştirak etməlidirlər, öz köməklərini göstərməlidirlər" - Prezident əlavə edib.
Çap