"Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq".Bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
"Biz son illər ərzində, deyə bilərəm ki, təqribən 10-15 il ərzində nəqliyyat sektoruna çox böyük əhəmiyyət vermişik. Məhz buna görə bu gün istənilən yükü qəbul edə və onu tranzit kimi ötürə bilərik, bunu edirik və bizim imkanlarımız daha da artacaq. Digər vacib məsələ məşğulluqla bağlıdır. Ağalı kəndində bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkan olsun – həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar. Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var.
İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir" - dövlət başçısı bildirib.
Çap