Son günlər ölkəmizdə kartof və soğanın qiymətində artım müşahidə edilir.
Bir neçə gün öncəyə kimi kiloqramı 50-55 qəpik olan soğan hazırda marketlərdə 1 manatdan baha satılır. Həmçinin kartof qiymətlərində də bahalaşma özünü göstərir. Bəs bahalaşmaya səbəb nədir?
Redaktor.az-ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli dedi ki, bahalaşmanın səbəbi yerli məhsulun hələ yetişməməsidir:
“Mənə elə gəlir ki, logistikanın bahalaşması və daşınma xərclərinin artmasına görə xaricdən, əsasən də Türkiyədən gətirilən məhsulların qiymətində müəyyən dəyişiklik ola bilər. Yerli məhsulların indi bazarda olmadığını nəzərə alsaq, daha çox xaricdən gətirilən məhsullardan istifadə olunur. Çox güman xaricdən gətirilən məhsulların həm topdan satış qiyməti, həm logistik qiymətlərində bahalaşma var deyə, ölkədəki satış qiymətlərinə də bahalaşma yönündə təsir göstərir. Qiymət artımının səbəbi bu ola bilər”.
Ekspert bildirdi ki, belə sərt qiymət artımı varsa, müvafiq qurumlar bununla bağlı tədbirlər görməlidir:
“Heç olmasa yay aylarına, yəni yerli məhsullar bazara çıxana, müəyyən bolluq yaranana qədər üç aylıq gömrük rüsumu və əlavə dəyər vergisi bu məhsullardan ləğv edilməlidir ki, qiymətlər belə sürətlə bahalaşmasın və bazarda sabitlik yaransın. Çünki kartof və soğan əsasən aztəminatlı ailələrin gündəlik tələbat malıdır və onların büdcəsinə çox ciddi təsir göstərir”.
Natiq Cəfərlinin sözlərinə görə, bu il dünyada baş verən proseslərin də bahalaşmaya təsiri var.
“Yerli məhsulların çıxmasına bir neçə ay qalmış hər il belə problemlərlə qarşılaşırıq. Çünki bizim yerli məhsulları uzun zaman saxlamaq üçün infrastrukturumuz, yəni soyuducular, saxlama yerlərimiz azdır. Amma indi dünyada baş verən proseslər - ərzaq indeksinin yüksəlməsi, qiymətlərin dünyada da bahalaşması da üzərinə gələndə yerli bazarda tələbat məhsullarının qiymətində bu dərəcədə yüksək səviyyəli artım müşahidə olunur. Bu da aztəminatlı ailələrə çox pis təsir göstərən amildir”, - deyə iqtisadçı ekspert bildirdi.(musavat.com)
Çap