Azərbaycanda “Telegram”da “... AZE + 18” adı altında açılan kanalda qızlardan biri onun şəkillərinin icazəsiz kanala atıldığını bildirib.
“Instagram”da hesabı olan qadınlardan biri S.R. Oxu.Az-a açıqlamasında bildirib ki, bu sosial şəbəkədə 6 minlik hesabı var və orada şəkillərini paylaşır:
“Ötən həftə həmin səhifə mənim şəkillərimi paylaşıb ki, guya mən pul qarşılığında intim xidmətlər göstərirəm. Mənim 17 yaşım var və Türkiyədə hüquq fakültəsində təhsil alıram.
Mənim 18, 27, 30 yaşım olsun, kiminsə icazəsiz şəkillərimi paylaşmağa ixtiyarı yoxdur. Mən özümü mənəvi cəhətdən zəif saymadığım üçün bu cür hal mənə zərbə deyil, amma həmin adam da etdiyi hərəkətə görə qanun qarşısında cavab verməlidir”.
O deyir ki, şəkilləri kanalda yayılan zaman məsələni ailəsinə bildirib:
“Atam vəkildir və biz polisə müraciət etmişik. Mən həmin səhifədəki adminə yazdım, tələbə biletimi atdım və məsələni izah etdim ki, şəkilləri silsin. O adam mənə dedi ki, kart hesabıma 200 manat pul köçürsən, şəkilləri silərəm”.
S.R. əlavə edib ki, şəkillərinin silməsi ilə üçün deyilən 200 manat pulu göndərməyib:
“Həmin şəxsin etdiyi şantajdır. Bu hal kiminsə zorlaması ilə eyni səviyyədədir. Mənim ətrafım niyə belə bir şey görməlidir? Məni və ailəmi tanıyan, tanımayan var. Belə bir şey etmək üçün cəsarəti haradan tapırlar, bilmirəm”.
Qeyd edək ki, açılan kanal “Instagram”da özünə çox sayda izləyici toplayan “model”lərin intim xidmətlərini təklif edir. Kanalın admini sosial şəbəkələrdə populyarlaşan müxtəlif qızların şəkillərini paylaşaraq nömrələrini və görüşdüyü məkanı qeyd edir. Həmin şəxs bildirir ki, fotoları paylaşılan qadınlar əlaqə nömrəsini və şəkillərini özləri səhifəni idarə edən şəxsə göndərirlər.
30 minə yaxın abunəçisi olan kanal uzun müddətdir ki, fəaliyyət göstərir. Kanal admini özünü Röyal kimi təqdim edir və xaricdə yaşadığını bildirir.
Xatırladaq ki, bir müddət öncə analoji səhifə işlədən gənc saxlanılıb. Onun hazırda istintaq təcridxanasında olduğu bildirilir.(musavat.com)
Çap