Yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 3 nəfər hərbi qulluqçunun öldürülməsi ilə bağlı məlumat daxil olub.Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, məlumat əsasında Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən digər zəruri prosessual istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürmüş, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.
Hazırda çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.
Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaqın gedişatı barədə əlavə məlumat veriləcəkdir.
Çap