“Mən icra hakimiyyətindən nə kirayə pulu, nə qızıl, nə də başqa şey istəməmişəm. İstəyim sadəcə bu idi ki, icra başçısı ilə görüşümü təşkil etsinlər, məni dinləsin”.Bu sözləri ötən gün Gəncədə intihara cəhd edən Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədova Musavat.com-a açıqlamasından bildirib.
Şəhid anası deyib ki, tək qadındır, heç bir yerdən gəliri yoxdur, maddi imkansızlıqdan əziyyət çəkir:
“İndi gördüm ki, bəzi saytlarda yazılıb ki, guya icra hakimiyyəti evimin kirayə pulunu ödəyib, maddi yardım göstərilib, hər bir şeylə təmin olunmuşam və sairə. Bunların hamısı yalan söhbətdir. Hətta bəzi sosial şəbəkə hesablarında, mətbuatda yazıblar ki, guya ki, 1 il kirayə haqqını ödəyə bilmədiyim üçün intihara cəhd etmişəm. Kim buna görə intihar edər?
İndiyədək yalnız iki ay kirayə pulumu veriblər. Onu da verəndə dedilər ki, bunu cibimizdən veririk. Dedilər ki, heç bir qanunda yoxdur ki, sizin kirayə pulunuzu verək. Bir daha belə yardım olmayacağını bildirdilər. İnanın ki, o pulu götürməyimə çox peşman oldum. Niyə onların qarşısında bu cür əyilməliydim?”.
Şəhid anası qeyd etdi ki, ona maddi yardım da edilməyib:“Mənə heç bir maddi yardım edilməyib. Bəli, sadəcə hər bir şəhid ailəsi kimi məni də mənzil uçotuna götürüblər və ildə 1-2 dəfə- bayramlarda şəhid ailələrinə verilən vermişel və makaron mənim də evimə gəlib.
İcra hakimiyyətindən sadəcə bir istəyim olub. Mən tək anayam, anamdan başqa heç kəsim yoxdur. İstəyirəm ki, anamı himayəmə götürüm. İkinci arzum isə budur ki, mənə kiçik bir yer verilsin ki, sabah qocalanda özüm öz başımı dolandıra bilim. Balamı min bir əziyyətlə böyütdüm, vətən yolunda şəhid oldu. Ondan sonra tək qalmışam. Sabah qocalanda kim mənə köməklik edəcək? Ona görə öz başımı gələcəkdə dolandıra bilim deyə kiçik bir yer üçün icra hakimiyyətinə müraciət edirdim. Lakin məni dinləyən olmadı. Axırda təkid etdim ki, məni icra başçısı ilə görüşdürün. Dedilər ki, o da mümkün deyil. Sonda dünən yenə icra hakimiyyətinə getdim, mənə dedilər ki, icra başçısı şəhərdə deyil. Bildirdim ki, əlacsızlıqdan intihar edəcəm, buna əhəmiyyət verən də olmadı. Evə gedib anamın və mənim əlimə keçən dərmanlarımı bir nəfəsə içdim. İcra hakimiyyətinə gəlib dedim ki, intihar edirəm, məni bu həddə çatdırdınız. Yalnız bu vəziyyəti gördükdən sonra dedilər ki, icra başçısı otağındadır.
İcra hakimiyyətindən heç kəs mənim qapımın rəngini tanımır. Heç kəs mənimlə maraqlanmır. Övladımın dəfn mərasimindən iki gün sonra gətirib 1000 manat pul verdilər. Bəlkə mənim pulum yox idi, düşünmürdülər ki, bəs yas mərasimini necə yola verəcəkdim? Övladımın il mərasimində də gəlib soruşmadılar ki, ay şəhid anası, bəlkə nəyəsə ehtiyacın var”.
Qeyd edək ki, intihara cəhd hadisəsindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib. Şəhid anası bu görüş haqda da söz açıb:“İcra başçısı gəldi, görüşdü və sadəcə bildirdi ki, sağalarsız, gələrsiz, danışarıq. Başqa heç nə demədi”.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə əlaqə saxlamağa çalışsaq da telefon zənglərimiz cavabsız qaldı. İcra Hakimiyyətindən mətbuatda veriləndə açıqlamada isə bildirilib ki, Vüsalə Məmmədovanın intihara cəhd etməsi ilə bağlı məlumatların heç biri həqiqəti əks etdirmir:
“Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılıb və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb. V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kirayəsinin ödənilməsi üçün maddi yardım göstərilib, ərzaq yardımı edilib, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada yardım edilib. Bununla yanaşı, şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilib.
Vüsalə Məmmədovanın intihara cəhd etməsi ilə bağlı məlumatların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşib, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib”.
Gəncədən olan digər millət vəkili Müşviq Cəfərov da baş vermiş hadisə ilə bağlı Musavat.com- danışıb:“Hadisədən xəbər tutan kimi, dünən axşam həmin şəhid anası ilə əlaqə saxladıq. Doğrusu, şəhid anası sağlamlığı ilə bağlı, konkret olaraq hadisə haqqında dəqiq bir fikir bildirmədi. Lakin onun qohumları ilə söhbətdən belə başa düşdük ki, Vüsalə Məmmədova tək anadır, imkansızdır, kirayədə yaşayır və bunun üçün icra hakimiyyətinə müraciət edib.
Məsələ ilə bağlı dərhal icra hakimiyyəti ilə də əlaqə saxladıq. Bizə bildirildi ki, şəhid ailələri üçün nəzərdə tutulan hər bir şey həmin ailə üçün də edilib. Bildiyiniz kimi, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərin il mərasimləri üçün vəsait ayrılıb. Şəhid ailələri hər hansı problemləri olduğu zaman dinlənilir. Bizə bildirildi ki, belə bir hal olmayıb.
Əlbəttə ki, bu məsələni diqqətdə saxlayacağıq. Gəncədə tənha şəhid anası təxminən 2-3 nəfərdir. Bu baxımdan onları hər zaman dinləməyə, problemlərinə kömək etməyə çalışırıq”.(musavat.com)
Xalidə Gəray
Çap