Abşeron rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Teymur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.
Teymur Əliyev 2 avqust 2018-ci il tarixdə, saat 12.00-da arvadı Gülşən Əliyeva ilə birlikdə yaşadıqları evdə mübahisə edib. Bu zaman o, əlindəki döşəmənin silinməsində istifadə olunan taxta ilə Gülşən Əliyevanı döyüb. Qadın aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Teymur Əliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Teymur Əliyev apelyasiya şikayəti verib. O, qeyd edib ki, arvadı ilə barışıb və sonuncu onun barəsində şikayətçi deyil.
Teymur Əliyev himayəsində 2 azyaşlı uşağının olmasını da yüngülləşdirici hal kimi nəzərə alınmasını xahiş edib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Teymur Əliyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, Teymur Əliyevin şikayəti təmin olunmayıb.
Çap