“İki ölkə arasında mövcud olan yaxşı və hörmətli münasibətləri, həmçinin tərəflər arasında normal ünsiyyət vasitələri olduğunu nəzərə alsaq, bu məsələ barədə bu formada danışmaq təəccüblüdür”.
Musavat.com xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin təmsilçisi Səid Xətibzadə Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə İranla münasibətlərə dair verdiyi açıqlamanı şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin bəyanatı onlar üçün gözlənilməz olub.
“İki ölkənin xarici işlər nazirləri BMT-nin Baş Assambleyasında bu və digər məsələlər barədə ciddi və konstruktiv müzakirələr aparıblar və bu danışıqları müvafiq zəmində davam etdirmək barədə razılıq əldə olunub.
İran İslam Respublikası ərazi işğalını qəbul etmədiyini, ölkələrin ərazi bütövlüyü və beynəlxalq sərhədlərin dəyişməzliyinə hörmətini həmişə bəyan edib. Mehriban qonşuluq münasibətlərinə gəlincə, bu, qonşularımızın yadda saxlamalı olduğu mühüm məsələdir, - İran XİN-in sözçüsü deyib.
Səid Xətibzadə həmçinin İranın şimal-qərb sərhədlərində keçirilən hərbi təlimlər məsələsini də şərh edib:
“Bu, suverenlik məsələsidir. Təlimlər bütün regionda sabitliyin və sülhün möhkəmləndirilməsi məqsədilə keçirilib. Əlbəttə, aydındır ki, İİR öz sərhədlərinin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq”.
Qeyd edək ki, bu günlərdə “Anadolu” agentliyinə müsahibə verən Prezident İlham Əliyev İranın yük maşınlarının Dağlıq Qarabağa yük daşımalarını tənqid edib və bildirib ki, bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir.
Bundan başqa, cənab Əliyev İranın Azərbaycan sərhədlərində hərbi təlim keçirməsini də tənqid edib, deyib ki, Azərbaycan torpaqlarını erməni işğalı altında olduğu 30 ildə heç vaxt keçirilməyib.
Sitat:
" Əvvəla onu deməliyəm ki, hər ölkə öz torpaqlarında istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren haqqıdır. Buna heç kim heç nə deyə bilməz. Amma bunu bir zaman kəsiyində analiz etdiyimizdə belə şeyin heç vaxt olmadığını görürük. Nədən indi və nədən bizim sərhədlərimizdə? Bu soruları mən deyil, Azərbaycan cəmiyyəti soruşur. Bu soruyu dünyadakı azərbaycanlılar soruşur. Bir sual da verilir ki, nədən işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayıl, Zəngilan və Füzulidə olduqları dövrdə nədən təlim keçirilmirdi? Nəyə görə biz bu torpaqları azad etdikdən sonra, 30 illik əsarət və işğala son verdikdən sonra bu edilir? Bu suallar haqlı suallardır. Əlbəttə, biz bölgədə uzun müddətli əməkdaşlığa zərbə vuracaq heç bir durumun olmamasını istəyirik. Bir daha təkrar edirəm, Azərbaycan burada çox məsuliyyətli və ölçülüb-biçilmiş hərəkət edir. Bizim haqlı, legitim addımlarımıza qarşı göstərilən duyğusal reaksiyaların keçici olduğuna ümid edirəm”.Göründüyü kimi, Azərbaycan Prezidenti öz xalqı adından dostca və etik qurallar çərçivəsində olduqca haqlı bir məqamı ifadə edir. Bunun qarşılığında İran XİN kobud və tərbiyəsizcə təhdid irəli sürür, "sionist rejim" iddiaları səsləndirir. Olduqca qeyri-ciddi bir məzmuna malik iddialardır. İndi nə edək - hazırda Zəngilanda motsarella pendiri hazırlayan fermanı italyan şirkəti tikir, fermanın kompüter proqramı təminatını isə İsrail şirkəti həyata keçidir. Əgər İran hakimiyyəti motsarella pendirini sionist rejiminin mövcudluğu və İran üçün təhlükə hesab edirsə, buna məntiqlə izah tapmaq mümkün deyil.
İran XİN-in bəyanatındakı ərazi bütövlüyünə hörmət məqamına gəldikdə isə, yəqin burada Ermənistanın ərazi bütövlüyünə hörməti nəzərdə tutur. Bunu İran XİN - in keçmiş rəhbəri Zərif də bəyan etmişdi. Bu erməni təəssübkeşliyidi, Azərbaycanı ittiham etməkdi, yoxsa hər ikisidir? (musavat.com)
Xəbərin orijinalı burada: https://www.irna.ir/news/84486706/برگزاری-رزمایش-در-مرزهای-شمال-غرب-یک-موضوع-حاکمیتی-است
Çap