Menu
13 iyl 20:49XƏBƏR LENTİ / Hadisə

Evində amansızlıqla qətlə yetirilən polkovnikin nəvəsi ifadə verdi

Bakının Nərimanov rayonunda baş verən səs-küylü qətl hadisəsi ilə bağlı məhkəmə araşdırması davam edir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilən Elmar Hüseynovun məhkəməsi baş tutub.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən sonuncu prosesdə qətlə yetirilən Tahir Tağıyevin nəvəsi ifadə verib.
Məlum olub ki, mərhumun meyidini ilk aşkar edən o olub.
"Hər gün səhər babamla əlaqə saxlayırdım. Hadisə günü də zəng elədim. Amma cavab vermədi. Sonra təkrar yığdım. Atamla danışıb babamın evinə getdim. Qapı açıq idi. Babamın koridorda cansız bədənini gördüm. Dərhal da atama xəbər verdim"- deyən şahid bildirib ki, həmin zaman evin bütün otaqlarındakı əşyaların dağıdıldığını görüb.
Təqsirləndirilən E.Hüseynov isə söyləyib ki, evin otaqlarının hamısını dağıtmayıb. Yalnız bir otağa baxaraq evdən çıxıb.
İttihama görə, qətl hadisəsi ötən il sentyabrın 24-də Nərimanov rayonu ərazisində baş verib.
1948-ci il təvəllüdlü Tahir Tağıyev yaşadığı evdə qətlə yetirilib. Hadisəni törətməkdə təqsirli bilinən Elmar Hüseynov müəyyən olunaraq saxlanılıb.
Qətlə yetirilən Tahir Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub.
Polis polkovniki Tahir Tağıyev bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
İstintaq araşdırması zamanı məlum olub ki, Tahir Tağıyev hadisə zamanı evində tək olub. Qətli törədən şəxs evə daxil olaraq, ona kəsici-deşici alətlərlə qol, boyun və kürək nahiyələrindən çoxsaylı xəsarət yetirib.
Xatırladaq ki, qətlə yetirilən Tahir Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadənin qaynıdır.
Yunis İldırımzadə fəaliyyəti dayandırılan "Amrahbank" ASC-nin İdarə Heyətinin sədri olub.
İstintaq orqanı tərəfindən Elmar Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qətl hadisəsinin tamah niyyəti ilə törədildiyi bildirilir.
(İlkin Muradov.Musavat.com)
Çap
Komment Əlavə et