Qubada qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.
Məhkəmə prosesində iştirak edən müxbiti xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında məhkəmə istintaqının başa çatdığı elan edilib.
2 ilə yaxındır davam edən məhkəmə araşdırmasının növbəti iclasında prokuror çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Məhkəmə iclası mayın 3-də davam etdiriləcək.
İttihamda yazılır ki, təqsirləndirilən şəxslər Aynur Əsədova və Elşad Əsədovun birlikdə qoşularaq Bakıya qaçdıqlarını öyrəniblər. Onlar bunu namuslarına toxunmaq kimi qiymətləndiriblər. Buna görə də Aynur və Elşadı axtarmaq üçün Bakıya gəliblər. Hər ikisini taparaq Qubaya aparıblar.
Qubada olarkən əvvəlcə Sadıq Dadaşov maşında oturan Elşad Əsədova bıçaqla zərbə endirib. Daha sonra digər təqsirləndirilən şəxslər Elşadı maşından düşürərək çoxsaylı bədən xəsarətləri yetiriblər. Elşad aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Elan olunmuş ittihamla Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər.
Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçuyev və Nazim Mikayılov isə özlərini təqsirli bilməyiblər.
25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İlkin Muradov
Musavat.com
Çap