Donbasda “qılıncların qınından çıxdığı” və Qara dənizdə suların isindiyi vaxt Türkiyədə ehtiyatda olan 104 admiralın Montrö anlaşması üzərindən hökumətə “xəbərdarlıq bəyanatı” ünvanlaması diqqət çəkdi. Admirallar hökumətə xəbərdarlıq edirlər ki, Montrö anlaşmasından çıxmaq ölkənin “maraqlarına” ziddir və belə bir baş verərsə, “Türkiyəö dövləti tarixdə örnəkləri olan təhlükələrlə qarşılaşa bilər”. Admirallar Qara dənizlə Mərmərəni birləşdirəcək, Montrö anlaşmasına zidd olduğu hesab olunan İstanbul Kanalına qarşı fikirlər də irəli sürdülər. Ardınca 103 admiral haqqında araşdırma başlandı.
Türkiyə əslində Montrö anlaşmasından çıxmaq məsələsini müzakirə etmir.
“Habertürk” yazır ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Montrö anlaşmasından ayrılmaqla bağlı heç nə deməyib.
“Şəntop Məclisin çıxardığı qərarların prezident tərəfindən təsdiqlənməsi, yaxud ləğv edilməsi məsələsini izah edirdi. Bununla bağlı “Prezident bir gün desə ki, “Mən Avropa İnsan Haqları Anlaşmasını”, “BMT İnsan Haqları Anlaşnmasını”, yaxud “Montrö anlaşmasını tanımıram, ləğv etdim” desə necə olacaq” sualı verildi. Şəntop də qanunlara istinadən “bəli, edə bilər” cavabını verdi. Bu, sadəcə hüquqi izahla bağlı müzakirədir və o demək deyil ki, Türkiyə Montrö anlaşmasından çıxır, ümumiyyətlə bununla bağlı müzakirə belə yoxdur”, - sayt qeyd edir.
Görünür, admirallar bir qədər tələsik addım atıb, yaxud məsələnin mahiyyətini qavramayıblar. Lakin bu təsadüfdürmü?
Montrö anlaşmasının dəyişdirilməsi, yaxud ləğv edilməsi ən çox Rusiyanı narahat edir. Donbasda qarşıdurmanın qızışması, Qara dənizdə suların isinməsi fonunda Montrö anlaşması ilə bağlı admiralların xəbərdarlığı təsadüfə bənzəmir. Mümkündür ki, Rusiya bununla Ankaraya xəbərdarlıq edir. Lakin türk ordusu içində “çevriliş” düşüncəsində olan generalların daha çox NATO şinelindən çıxdığını nəzərə alsaq, bu qalmaqallı bəyanatın arxasında ABŞ da ola bilər. Vaşinqton Türkiyə daxilində süni gərginlik yaratmaqla diqqəti Rusiyanın üzərinə yönəldə bilər.(publika.az)
Çap