Menu
05 avq 14:26XƏBƏR LENTİ / Gündəm

Millət vəkili MM- də sərt danışdı: " Sərt karantin rejiminin davam etməsində maraqlı qüvvələr var"

“Büdcəyə edilən dəyişikliklər yaxşıdır. İndi bütün Azərbaycanın gözü bizdədir ki, bu dəyişikliklər onların həyatında nələri dəyişəcək. Hesablama etmişəm ki, ölkədə 190 manatı almağa ehtiyacı olan düz 3 milyondan çox əhali var”.
Deputat Razi Nurullayev bu fikirləri Milli Məclisdəki büdcə müzakirələrində söylədi. O bildirdi ki, yanlış sərt karantin rejimi ölkəni məhv edir: “100 nəfər işçisi olan müəssisədə 20 nəfər işləyir. Guya hesablama aparılır ki, iş adamları heç kimi ixtisar etməyib. İş adamları özləri müflis olub. Büdcə dəyişikliyi sahibkarları da nəzərə alıb deməklə iş bitmir. Bir azdan iş adamları da 190 manat istəyəcək, qoy bu sərt karantin rejimini əsaslandıranlar xalqın ehtiyacını ödəsin. TƏBİB, o cümlədən Operativ Qərargahın bəzi nümayəndələri bizi xoxanla qorxudur. O boyda Amerika sərt karantin etmir, Almaniya, Fransa açılıb, Finlandiya adi həyatını yaşayır. TƏBİB isə deyir ki, hələ daha pis olacaq, acından ölməyənlər də payızda öləcək. Bu nə təfəkkür, bu nə ritorikadır? Camaatı, üzr istəyirəm, axmaq yerinə qoyublar?”
R.Nurullayev bildirdi ki, Operativ Qərargah və TƏBİB-i dinləyəndə Kventin Tarantinonun qorxu filmlərinə şükür edir: “Bəsdirin millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz. Ayıbdır, vallah! Büdcə dəyişikliyi birbaşa hər bir vətəndaşın sosial həyatında görünməlidir və o hiss etməlidir ki, nəsə aldı, nəsə yedi, nəsə içdi. Yoxsa, hər nazirlik, hər komitə, hər idarə göz yaşı töküb bir layihə verir ki, pul ver. Ver aparım dağıdım, aparım yeyim, aparım xarici ölkəyə çıxarım, aparıb bir gündə tələm-tələsik yaratdığım firmaya verim, tez silim. "Millət necə tarac olur-olsun nə işim var". Büdcə xərcləmələrinə nəzarət ciddi olmalıdır. O ciddiyyəti görmürəm. Kim deyirsə oğurluq, talançılıq dayanıb, özünü aldatmasın. Xeyli yüksək vəzifəli məmur çəkib özünü qoyub Himalay dağının başına. Amma, bilin ki, oradan aşağı yuvarlananların aqibəti çox pis olur. Söz verirəm ki, sabaha kimi müqavimətim qırılmasa, təzyiqlərə, edilən telefon zənglərinə tab gətirə bilsəm, bir-iki faktı da araşdırıb onların hamısının adını bir-bir bu tribunadan açıqlayacam. Hələ telefonu qaldırmamaq nə deməkdir? Siz özünüzü nə zənn edirsiniz? Sizlər ən çirkin yollarla oğurlanan milyon və milyardlara sahib ola bilərsiniz, amma bu bizi qorxutmaz. Qorxduğum Allahdır, dövlətin, müstəqillik və ölkə suverenliyinin qorunması üçün ölkənin birinci şəxsinin qarşısında özümü məsuliyyətli sayıram, bir də mənə söz deməyə imkan verən hörmətli xanım sədrə təşəkkür edirəm”.
R.Nurullayev qeyd etdi ki, büdcə oğurlamaları, şişirtmələri, ayrılan vəsaitləri yalançı tender və qohum-əqrəbanın adına açılan birgünlük şirkətlərlə silmə, qohumlarını, ən yaxın dost-tanışını vəzifəyə təyin etdirmə ölkəyə və suverenliyimizə xəyanətdir: “Suverenliyin rəmzi dövlət başçısı olduğuna görə həm də birbaşa ona yönələn sabotajdır. Görün Milli Şura təmsilçiləri nə deyir. Onlar öz dilləri ilə deyir ki, xalq pis günə qalsın, daha pis yaşasın, virus daha çox adam öldürsün, çoxluq yardım almasın və hökumətdən narazı qalıb küçəyə çıxsın, Bakı küçələri qana boyansın və onlar hakimiyyətə gəlsinlər. Hökumətin içində olan beşinci kolon, vəzifəsindən sui-istifadə edənlər, büdcəni oğurlayanlar və bizim pullarımızla özlərinə və övladlarına biznes imperiyası yaradanlar da Milli Şurada oturanların tərəfdaşlarıdır. Ay başına dönüm, 120-140 manata virus testi olar? Bilirsiniz ki, həkimlərə vəd edilən artım ödənməyib? Bilirsiniz ki, nə qədər insan xeylisi doğru olan şaiyyə ucbatından xəstəxanalara müraciət etmir? Birmənalı deyirəm ki, sərt karantin rejiminin davam etməsində maraqlı şəxslər və qüvvələr var. Qəşəngcə varlanırlar, qəşəngcə pul silirlər. Biz də burada büdcə təsdiq edək ki, onlar daha da varlansınlar. Büdcəyə, dövlət qurumlarının fəaliyyətinə nəzarət lazımdır və bu təklifi yenə deyirəm ki, deputatlar, mətbuat və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət nəzarət qrupu yaradılmalıdır”.
Sonda R.Nurullayev Maliyyə naziri Samir Şərifova və Əmək və əhalinin Sosial müdafiə naziri Sahil Babayevə, sorğulara verdiyi operativ reaksiyasına görə
təşəkkür etdi.(musavat.com)
Çap
Komment Əlavə et