Menu
14 iyl 11:36XƏBƏR LENTİ / Hadisə

“Zarafatla deyirdim ki, kaş gəlinim erməni olaydı” – Artur Rasizadə

Rəhmətlik anamın pasportu hələ də məndədir. Sovet dövründə pasportda saxta nəsə etmək olmazdı. Ona görə də erməni məsələsi boş söhbətlərdir”.

Bu sözləri sabiq baş nazir Artur Rasizadə Modern.az-a geniş müsahibəsində deyib. O, anasının erməni olması ilə bağlı yazılanlara münasibət bildirib:
“Ümumiyyətlə, heç bir insan valideynlərini özü seçmir. Digər tərəfdən isə kiminsə anasının, ya da, atasının hansısa millətdən olması hardasa maraq kəsb edə bilər. Düşünürəm ki, əsas məsələ bu deyil. Əsas məsələ xalqına, dövlətinə qarşı millətçilik ruhunun güclü olmasıdır. Xalqın mənafeyi naminə çalışmaq, işğal olunmuş torpaqların necə azad edilməsi barədə düşünmək vacib məsələlərdir. Rəhmətlik anamın atası belçikalı olub. Anamın atası çar dövründə Rusiyanın Rostov şəhərinə gəlib. Rostovda balaca müəssisə yaratmışdı və ayaqqabı tikişində istifadə olunan mis istehsal edirdi. Rəhmətlik nənəmlə orada tanış olublar. Nənəm yarırus, yarıpolyak olub. Orada da ailə qurublar.
Anamın 6 yaşı olanda atası rəhmətə gedib. Anam öz atasını heç tanımayıb. Çünki kiçik yaşlı olub. Rostovda vəziyyət gərginləşəndə anamgil indiki Gəncə şəhərinə köçüblər. O zaman Gəncə Kirovabad adlanırdı. Kirovabadda da anam rəhmətlik atamla tanış olub evləniblər. Vəssalam, şüt tamam!”
Sabiq baş nazir anası ilə bağlı bir hadisəni də danışıb:
"Günlərin birində xarici nümayəndələri qəbul edirdim. Söhbət bir qədər uzananda siyasi məhbus məsələsini dilə gətirdirlər. Bizdə siyasi məhbus olmadığını bildirdim. Cavab olaraq “bəzi müxalifət qəzetlərində yazırlar ki, sizin ananız ermənidir. Bu doğrudur?!”,-deyə soruşdular. Birmənalı olaraq “yalandı!” dedim. Onları niyə məhkəməyə vermədiyimi soruşdular. “Yazırlar, qoy yazsınlar. Əgər lazım olsa, anamın məndə olan pasportunu göstərərəm. Anamın erməni olmadığı bəlli olacaq. Mənim sübutum da var” dedim. İndi mənim anamın milliyəti belədir, bəzilərinin isə heç anasının kimliyi bilinmir”.
A.Rasizadə yoldaşı ilə talelərinin oxşar olduğunu söyləyib: “Yoldaşımın taleyi mənim taleyimlə oxşar olub. Mən də “xalq düşməni” ailəsinin üzvü olmuşam, o da. Görkəmli ədib Hüseyn Cavid sürgün olunanda bizə “xalq düşməni”nin qohumları deyirdilər (Artur Rasizadə Hüseyn Cavidin qardaşı nəvəsidir-müəllif). Yoldaşımın atası İbrahim Zeynalov da 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs olunaraq güllələnib. İxtisasca mühəndis olub. Neft şirkətində müavin işləyirdi. Sizə sənədlərlə danışıram. Hamısı arxivdə durur.
Həyat yoldaşımın atası Moskvada oxuyanda rus mənşəli qızla tanış olub evləniblər. Yoldaşımın atası azərbaycanlı, anası isə rus olub. Atasını güllələyiblər, anasını isə Qazaxıstana sürgün ediblər. Həyat yoldaşım 9 yaşında ata-anasız qalıb. Bibisi onu böyüdüb.
Övladlarıma gəlincə, heç nəyə yox, gəlinimin erməni olmasına həmişə ürəkdən gülmüşəm. Arada zarafatla deyirdim: “Kaş gəlinim erməni olaydı, ona görə ki o zaman oğlum da olardı”. Tale elə gətirib ki, mənim yeganə övladım var, o da qızdır. Demək gəlinim heç vaxt ola bilməz”.
Çap
Komment Əlavə et