Mayın 18-dən etibarən vətəndaşların Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə hansı hallarda gəlib-getməsinin qaydası müəyyənləşib.Bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
Hökumət sözçüsü 18 may 2020-ci il saat 00:00-dan etibarən SMS icazə sisteminin ləğvindən sonra Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə vətəndaşların yaşayış yerini tərk edərək ölkənin digər rayon və şəhərlərinə hansı hallarda səfər edə biləcəklərinə aydınlıq gətirib.
“Mayın 18-dən - yəni SMS icazə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmə sistemi ləğv olunduğuna görə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna gəlib-getmək istəyən vətəndaşlara yalnız iki halda icazə veriləcək: Yaxın qohumunun yas mərasimində iştirak etmək üçün və xüsusi ağır xəstələrin göndəriş əsasında paytaxtda və digər yerlərdə müayinə və müalicələri üçün. Vəfat etmiş yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün yaşayış yerini tərk etmək istəyən vətəndaş müvafiq ölüm haqqında arayışı təqdim etməklə gedə biləcək. Bunlardan başqa, xüsusi karantin rejimi dövründə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları qadağandır”, - hökumət sözçüsü vurğulayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov da SMS icazə sisteminin ləğv olunmasından sonra vətəndaşların Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə gəliş-gedişinə iki halda icazə verilməsi qaydası ilə bağlı məlumatı təsdiqləyib.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.
Daha əvvəl mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.
Çap