Tovuz rayonunun Dondar Quşçu kəndində ötən ilin 21 noyabrında yoxa çıxan və bir neçə gün əvvəl yandırılmış meyiti tapılan Nərmin Quliyevanın qatilinin qonşusu İlkin Süleymanov olması barədə rəsmi açıqlama müzakirələr yaradıb.Sosial şəbəkələrdə aparılan müzakirələrə jurnalist Elçin Bayramlı da qoşulub. O, 1973-cü il təvəllüdlü İlkin Süleymanovun vaxtilə Tovuz Televiziyasında çalışdığını bildirib. Qeyd edib ki, İ.Süleymanov son dərəcə savadlı, mədəni, əxlaqlı, ziyalı ailənin oğludur. Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur və 3 dil bilir.
İddiaya görə, İlkin Süleymanov həyətə siqaret çəkməyə çıxarkən yaxınlıqda nəyinsə yandığını görüb və ora qaçaraq, haray-həşir salıb, qonşuları köməyə çağırıb.
E.Bayramlı İ.Süleymanovun qatil olmasına şübhə ilə yanaşıb.
Sosial şəbəkələrdə meyitin tapıldığı ilk gündən hallanan “Jiquli” markalı maşının kimə aid olmasının aydınlaşmaması, 45 gün müddətində qızı evində saxlayan İlkin Süleymanovun bunu ailə üzvlərindən və qonşularından gizlədə bilməsinin mümkünsüzlüyü, rəsmi açıqlamada verilən sübutların yetərli olmadığı da müzakirə edilir.
Bu arada Oxu.az hüquq-mühafizə orqanlarından bəzi təfərrüatı paylaşıb. Bildirilir ki, Nərmin Quliyeva əmisinin həyətindən çıxandan sonra küçədə İ.Süleymanovla qarşılaşıb.
O, qızı aldadaraq evinə aparıb və Nərminə öz qızı kimi qulluq edəcəyini söyləyərək, onu çardağa gətirib. Nərmin evə qayıtmaq istədikdə isə Süleymanov onun əlini və qolunu bağlayıb, ağzına yapışqan lent vurub.
Saxlanılan şəxsin qurbanı saxladığı ev boş olub. İ.Süleymanovun valideynləri bu evin yanındakı kiçik xidməti evdə yaşayıblar. Onlar ifadə verən zaman oğullarının tez-tez həmin evə girdiyini gördüklərini, lakin onun orada Nərmini saxladığını ağıllarına belə gətirmədiklərini qeyd ediblər.
Valideynlərin sözlərinə görə, onlar oğullarının çardaqda meyvə qurutduğunu düşünüblər.
Uşağın təcavüzə uğraması faktı hələlik təsdiqlənməyib, çünki məhkəmə-tibbi ekspertizası hələ müvafiq rəy açıqlamayıb, İ.Süleymanov isə bununla bağlı etiraf etməyib.
Saxlanılan şəxsin sözlərinə görə, polislər daim hadisə yerində olub, qohumları və qonşuları dindiriblər və o da bütün bunları görüb. O, başa düşüb ki, əgər qızı dərhal öldürsə, cəsəd çürüməyə başlayacaq və üfunət dərhal polisləri onun yanına gətirəcək.
Vacib detalı qeyd edək ki, bütün bu vaxt ərzində qızı qaçıran şəxs “Səni axtarıram” verilişinə baxıb və Nərminin qohumlarının onun yoxa çıxmasında bir-birini necə ittiham etməsini görüb.
Bu yolla istintaqın gedişini izləyib və əmin olub ki, cinayətdə onun iştirakından heç kim şübhələnmir. İ.Süleymanovun nəyə görə qızın cəsədindən valideynlərinin evi yaxınlığında yaxa qurtarması bununla izah olunur.
O, istintaqı çaşdırmaq və şübhələri qurbanın qohumlarının üzərinə çəkmək istəyib. Öldürdükdən sonra İ.Süleymanov Nərminin cəsədini tikinti arabasına qoyub, tapıldığı yerə gətirib və yandırıb. Arabanı gizlətdikdən sonra polisə zəng vurub və uşağın cəsədini alovlar içində gördüyünü bildirib.
Amma bu məqamda da qaranlıq məqamlar var. Belə ki, Nərminin oğurlanmasının məqsədi, polisə zəng vurmasının səbəbi bəlli deyil.
Belə görünür ki, istintaq tam məlumatı ictimaiyyətə açıqlamayıb. Yada salaq ki, N.Quliyevanın əmisi Lətif Quliyev də verdiyi açıqlamada İ.Süleymanovun bu qətldə yeganə şəxs olmadığını bildirmişdi. “İlkin Süleymanova başqaları da kömək edib. Sabah və yaxud biri gün daha geniş məlumat açıqlanacaq. Bizə (hüquq-mühafizə orqanlarından – red.) bildiriblər ki, İ.Süleymanovdan başqa şübhəlilər də var. Hazırda istintaq o istiqamətdə gedir”.
Digər şübhəlilər ətrafında əməliyyat başa çatdıqdan sonra istintaqla bağlı daha təfərrüatlı növbəti açıqlamada yəqin ki, bu suallara aydınlıq gətiriləcək.(axar.az)
Çap