Bakıda polis iki bıcaqlı xuliqanı belə saxladı - VİDEO
Bakının mərkəzində, Nizami küçəsində, Fəvvarələr meydanı deyilən ərazidə 2 gənc dekabr ayı, soyuq olmasına baxmayaraq geyimlərini soyunaraq əllərində bıçaqla özlərinə xəsarət yetiriblər. REAL xəbər verir ki, onların bu hərəkətindən çəkindirməyə çalışan ətrafdakı insanları da bıçaqla təhdid ediblər. Polisin xəbərdarlığına məhəl qoymayan xuliqanlar, tabe ol əmrindən boyun qaçırıblar. Soyuq silahı əlindən buraxmayan iki gənc hətta polisə də yaxınlaşacağı təqdirdə onlara xəsarət yetirəcəyini bildiriblər. Bir neçə dəqiqəlik xəbərdarlıqdan sonra polis iki xuliqanı saxlayıb və asayiş bərpa olub.
**** Hadisə yerində musavat.com müxbiri də olub. Onun yazdığına görə, polisin peşəkar davranışı sayəsində faciənin qarşısı alınıb. Onun qeydləri: "Hansı səbəbdən baş verdiyi bilinməyən dava nəticəsində iki nəfər gənc küçədə dəhşət saçıb. Onlar qurşaqdan yuxarı soyunaraq özlərinə xəsarət yetirməyə başlayıblar. Hadisəyə müdaxilə etmək istəyən polislərə bıçaq çıxaran gənclərin hər ikisi psixoz vəziyyətdə olub. Hadisəni yatırmağa və o gəncləri zərərsizləşdirməyə, sonuncuların yığılan qələbəliyə zərər verməməsinə çalışan polis gözyaşardıcı qazdan istifadə edib. Bu zaman həmin gənclərdən birini özü yaşda bir xanım qucaqlayaraq sakitləşdirməyə çalışıb. Gənc isə ətrafdan onu videoya çəkənləri təhqir edərək, onlara hücum etmək istəyib. Ya sərxoş, ya da narkotik maddənin təsiri altında olduğu təxmin edilən gənc qurşaqdan yuxarı bütün geyimlərini soyunaraq küçəyə atmışdı. Onun geyiminin atıldığı yerdə butulka qırıqları da vardı və bunu o gənclərin qırdığı təxmin edilirdi". Hadisə yerində olan əməkdaşımız yazır ki, versiyalara görə, gənclər yolda gedərkən davaya başlayıblar. Bunun videoda görünən qıza görə baş verdiyi təxmin edilir. Amma dava edən, özünə və ətrafa ziyan vermək istəyən şəxsin ərəb olması versiyası da səslənir.(müsavat.com)