Menu
30 avq 21:00XƏBƏR LENTİ

İki milyondan çox körpənin həyatını xilas edən "qızıl qanlı" adam

82 yaşlı avstraliyalı Ceyms Harrison qan plazması donorudur. Harrisona "Qızıl qanı olan adam" və ya "Əlləri qızıldan olan adam" da deyirlər. Onun unikal qanı əsasında Rho immunoqlobulin vaksini yaradılıb.
 
O, 14 yaşında döş qəfəsində ciddi əməliyyat keçirib və təcili olaraq 13 litrə yaxın donor qanına ehtiyacı olub. Donor qanının onun həyatını xilas etdiyini anladığı üçün Ceyms 18 yaşı tamam olan kimi öz qanını başqalarına verəcəyinə söz verib. 
Harrison 1954-cü ildə qan verməyə başlayıb. Məlum olub ki, onun qanında D antigen rezus faktoruna (Rho (D) qarşı qeyri-adi güclü və dayanıqlı anticisimlər var. Harrisonun qanı o qədər unikaldır ki, həyatı bir milyon dollara sığortalanıb.
 
Onun qanının plazması əsasında zərdab yaradılıb. Bu maddə müsbət rezuslu uşağa hamilə qalan mənfi rezuslu qadının bədəninə yeridiləndə, embrionun qanında anticisimlərin inkişafının qarşısı alınır və nəticədə, yeni doğulan körpədə hemolitik sarılıq olmur.
 
Harrison 57 il boyunca orta hesabla hər üç həftədən bir öz plazmasını verib. 2011-ci ilin mayında o, qanını 1000-ci dəfə verərək dünya rekordunu yeniləyib. 2015-ci ilə qədər Avstraliyada bütün antirezus preparatları Harrisonun plazmasından hazırlanıb. Sonuncu dəfə Harrison öz qanını 2018-ci ilin mayında bağışlayıb.
 
Bu vaxt ərzində onun plazması iki milyondan çox körpənin həyatını xilas etməyə kömək edib. Onların arasında Harrisonun doğma nəvəsi (şəkildə qucağında tutduğu uşaq) də var. (oxu.az)
Çap
Komment Əlavə et