Menu
28 noy 01:56XƏBƏR LENTİ / Gündəm

Daxilimizdəki Denikinlər

Üzeyir bəy Hacıbəyli 100 il öncə bir məqaləsində yazırdı: “Xaricdəki Denikin ilə aramızda bir müharibə başlanarsa, heç şübhə edilməsin ki, daxilimizdəki yemləyib bəslədiyimiz denikinlər öz həsrətkeşlərinin yollarını asanlaşdırmaqdan ötrü içimizdə cürbəcür xəyanət və cinayətlərə mürtəkib olub da bizə arxamızdan xəncər yaraları vurmaq və zərbələr yeritmək təşəbbüslərindən çəkinməyəcəkdirlər”.
Üzeyir bəyin “daxilimizdəki denikinlər” ifadəsinin altında Azərbaycan xalqına qarşı içəridə həyata keçirilən fəalliyyətlər başa düşülməlidir.
Necə ki, 1920-ci ildə rusların Azərbaycana yürüşü ərəfəsində Qarabağda yaşayan ermənilər hökumətə qarşı üsyan qaldırdılar, ordumuzun gücünün parçalanmasına nail oldular. Nəticədə Azərbaycan Cümhuriyyəti işğal edildi. Ermənilər Qarabağda həmin vaxt bu kimi çirkin planlarını həyata keçirərkən yenə içimizdəki, məsələn elə parlamentimizdəki, donanmamızdakı “denikinlər” aktivləşdilər, milli geyimlərini çıxarıb rus çəkməsini geyinərək xalqımıza divan tutanların tərəfində yer aldılar.
Həmid Sultanov, Çingiz İldırım, Əliheydər Qarayev kimi şəxslər bu denikinlərdən idilər. Bu insanlar o qədər şəxsiyyətsiz idilər ki, hətta bolşeviklər də bir müddət sonra onları repressiyaya məruz qoydular. Bu günlərdə içimizdəki denikinlərdən biri heç bir əxlaqa sığmayan çıxış edib. Cümşüd Nuriyev adlı şəxs Qarabağ savaşında iştirak edən qadınlarımızı təhqir edib və onun bu çıxışına efirdə etiraz edilməyib. Amma iki gündür sosial şəbəkədə Nuriyevin cavabı layiqincə verilməkdədir.
Yaxşı ki, Nuriyev özünü ifşa etdi. Kim bilir içimizdə onun kimi nə qədər hələ ki həqiqi üzünü gizlətmiş denikinlər var. Sabah Qarabağ uğrunda Azərbaycan müharibəyə başladığı zaman bu şəxslərin hansı mövqe tutacağını indidən anlamaq olur. Elə isə nə etməli? C.Nuriyevə edildiyi kimi. Sosial şəbəkələrdə, mətbuatda bu kimi adamlar ifşa edilməli, əxlaqsız davranışları sərt şəkildə qınanılmalı, milli birlik sərgilənməlidir. Çünki bunun fəsadlarını 3 il öncə Türkiyə dövləti ağır şəkildə yaşadı.
Dövlətin içərisinə sızan, polisdə, məhkəmədə, orduda, güc strukturlarında önəmli yerləri ələ keçirən şəbəkə elə Türkiyənin daxilindəki düşmənləri idi. 30 il ərzində Fətullah Gülən şəbəkəsi ən müxtəlif yollarla Türkiyə hökumətinin içərisində “paralel dövlət” qurdu. Bu şəbəkə “Ergenekon əməliyyatı” vasitəsilə Türk ordusunun zabitlərinə, Atatürk ideallarına bağlı olan ziyalılara divan tutdu, onların həbsxanalarda çürümələrinə, bəzilərinin intiharına səbəb oldular. Ən nəhayətdə isə bu şəbəkənin ordu içərisindəki agentləri hərbi çevrilişə cəhd edərək 200-dən çox insanın həlak olmasına səbəb oldular.
15 iyul 2016-dan sonra Fətullahçı Terror Qruplaşması adı ilə çağırılan bu şəbəkə təkcə Türkiyədə deyil, Azərbaycanda və digər türk və islam dövlətlərində də geniş şəkildə özünə dəstəkçi tapmışdı. Ona görə də istər FETÖ-nün timsalında şəbəkə şəklində, istərsə də Nuriyevin timsalında fərdi şəkildə denikinlərdən qurtulmaq üçün milli birliyə ehtiyacımız var.(Dilqəm Əhməd, teleqraf.com)
Çap
Komment Əlavə et