Sumqayıtda dərs vaxtı məktəbli qızın gözünü kor ediblər. Hadisə Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada baş verib.7 a sinif şagirdi Rəfiqə Elbrus qızı Nuriyeva tarix dərsi zamanı öz sinif yoldaşları tərəfindən vəhşicəsinə döyülüb. Hadisənin baş verməsinə səbəb isə Rəfiqənin qüsurlu danışmağı olub. Bu zaman onun sinif yoldaşları Rəfiqəyə gülüb, sonra isə ona ağır bədən xəsarətləri yetiriblər. Ancaq dərs deyən Günay müəllim şagirdin döyülməsinə əhəmiyyət verməyib, hətta Rəfiqəni təhqir edərək ona tərbiyəsiz də deyib.
Bundan sonra qızın halı daha da pisləşib və ümumiyyətlə huşunu itirib. Şagirdin vəziyyətinin ağır olduğunu görən müəllimələr dərhal onun valideynlərinə məlumat verərək bildiriblər ki, Rəfiqənin halı birdən-birə pisləşib. Məktəbə gələn Elbrus Nuriyev qızını ağır vəziyyətdə Sumqayıt Şəhər Uşaq Nevroloji xəstəxanasına yerləşdirib. İlkin müayinələrdən sonra məlum olub ki, məktəblinin sol gözü kor olub, ağzı isə tamamilə əyilib. Hazırda xəstəxanada müalicə alan məktəblinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Hadisədən sonra zərərçəkənin valideyni Rəfiqənin sinif rəhbəri Gülnarə müəllim ilə görüşüb məsələyə aydınlıq gətirmək istəsə də, o, bu məsələnin ona heç bir aidiyyəti olmadığını, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət bilib. Məktəbin direktoru Ayət Sadıq qızı Kərimova isə məsələdən xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, gimnaziya 2008-ci ildə istifadəyə verilib və orada 361 şagird təhsil alır. Ayət Kərimova da həmin ildən məktəbin direktorudur.(Yenicag.az)
Çap