Menu
04 may 17:19XƏBƏR LENTİ / Xarici

Anti-Rusiya sanksiyalarının 6-cı paketinin DETALLARI - Aİ elə şərtlər qoydu ki...

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının altıncı paketi Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmağı nəzərdə tutur.
Publika.az-a istinadən xəbər veririk ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen bildirib.
“Biz Rusiya neftini mərhələli şəkildə dayandıracağıq. Bu, Rusiya Federasiyasından dəniz və boru kəmərləri ilə çatdırılan neftin, xam və təmizlənmiş neftin idxalına tam qadağa olacaq”, - Leyen Tvitter səhifəsində qeyd edib.
Onun sözlərinə görə, Avropa Komissiyası altıncı sanksiyalar paketi çərçivəsində Rusiya Federasiyasının 3 əsas dövlət televiziya kanalının Avropa İttifaqı ərazisində yayımını dayandırmağı təklif edib.
“Onlara artıq məzmunlarını kabel, peyk, internet və ya smartfon proqramları vasitəsilə Aİ-də hər hansı formada yaymağa icazə verilməyəcək” - Leyen vurğulayıb.
Avropa Komissiyası 27 Aİ ölkəsinin daimi nümayəndələrinə sanksiyalarla bağlı təkliflər təqdim edib, həftənin sonunda onlarla bağlı qərarın veriləcəyi gözlənilir.
Ursula fon der Leyen qeyd edib ki, Avropa İttifaqının bir sıra üzvlərinin Rusiya neftindən ciddi asılılığı səbəbindən bu addımı atmaq asan olmayacaq, lakin Aİ “sadəcə buna getməlidir”.
Onun sözlərinə görə, Aİ-yə alternativ neft tədarükçüləri tapmaq və sanksiyaların neft bazarlarına təsirini minimuma endirmək məqsədilə Rusiya neftinə embarqo düşünülmüş şəkildə tətbiq edilməlidir. Leyen qeyd edib ki, Rusiya Federasiyasından neft və emal olunmuş neft məhsullarından imtina 6 ay çəkməli və 2022-ci ilin sonuna qədər başa çatdırılmalıdır.
Ursula fon der Leyen onu da bildirib ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketi “Sberbank” da daxil olmaqla, 3 Rusiya bankının SWIFT beynəlxalq ödəniş sistemindən ayrılmasını əhatə edəcək.
“Biz nəhayət ki, Rusiyanın ən böyük bankı olan “Sberbank”ı SWIFT-dən ayırırıq. Həmçinin Rusiyadakı digər 2 böyük bankı SWIFT-dən ayıracağıq”, - AK rəhbəri əlavə edib.
Bundan əlavə, Leyenin sözlərinə görə, Aİ bir sıra avropalı mütəxəssislərə Rusiya şirkətlərinə xidmət göstərməyi qadağan etmək niyyətindədir:
“Rusiya Federasiyasının hakimiyyəti Avropadan olan mühasiblərdən, məsləhətçilərdən, siyasi texnoloqlardan asılıdır. Onlar buna son qoyacaqlar. Biz Rusiya şirkətlərinə bu cür xidmətlərin göstərilməsini qadağan edirik”.(musavat.com)
Çap
Komment Əlavə et