Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə “soyqırım” termini ətrafında mübahisə etdiyini söyləyib.
Xarici agentliklərə istinadən xəbər veririk ki, kansler bununla bağlı fikirlərini Təhlükəsizlik üzrə Münhen konfransında paylaşıb.
Olaf Şolts Vladimir Putinin Donbasda baş verənləri “soyqırım” olaraq qiymətləndirməsini anlamadığını söyləyib. “Mən Rusiya prezidentinin məqaləsindən sitat gətirdim. Əgər biz bunu hərfən qəbul etsək, gələcəyə nikbin baxa bilmərik. Mən şəxsən bundan imtina edirəm”,-deyə alman lider bildirib.
Kansler Şolts Şimali Atlantika Alyansının aqressiv olmadığını, buna görə ondan qorxmamaq gərəkdiyini deyib. “Mən bunu ona söyləyəndə, Putin keçmiş Yuqoslaviyanı nümunə olaraq gətirərək, NATO-nun Kosovo böhranı zamanı özünü aqressiv apardığını, insanlara zərər yetirdiyini bildirdi”,-deyə o qeyd edib.
Almaniya kansleri Putinə cavabında Alyansın həmin vaxt soyqırımı durdurmaq istədiyini vurğulayıb. “Vladimir Putin başa düşməlidir ki, Qərbi Balkanlarda yaşayan insanlar qəti surətdə Avropa Birliyinin üzvü olmaq istəyirlər və məsələyə onun bucağından baxmırlar”,-deyə o, yekunda söyləyib.
Çap